Heydər Əliyev təkcə Azərbaycanı deyil, bütün postsovet məkanını idarə etməyə qadir heyrətamiz liderdir. Onun Azərbaycan üçün gördüyü işlər qibtə edilməyə layiqdir. Söhbət həm istehsalın artırılmasından, həm sənaye infrastrukturu yaradılmasından, həm də bütövlükdə iqtisadiyyatın inkişafından, habelə bir çox dövlətlərlə birlikdə beynəlxalq səviyyəyə yüksəlməkdən gedir. Heydər Əliyev hələ sovet dövründə Siyasi Büronun üzvü olduğu vaxtda da Azərbaycan üçün çox işlər görərək onu Sovet İttifaqının özünü təmin edə bilən beş respublikasından birinə çevirmişdi. Bu ölkənin indiki iqtisadi tərəqqisi məhz o dövrdə və məhz Heydər Əliyev tərəfindən yaradılmış baza sayəsində mümkün olmuşdur. Mən bu fikirdəyəm ki, onun alicənablığı, liderlik duyğusu, öz xalqı qarşısında məsuliyyət hissi hamı üçün hələ uzun müddət nümunə olacaqdır.
Mən qüdrətli şəxsiyyətlərin siyasi karyerasını həmişə izləyir və onların sırasında V.Çörçilli xüsusi fərqləndirirəm. Hesab edirəm ki, dünya siyasi liderlərindən, bəlkə də, yalnız Heydər Əliyevi Çörçillə müqayisə etmək olar.
Sovet İttifaqı dövrünü xatırlayaraq deyə bilərəm ki, köhnə ənənələr bərpa olunacaq və postsovet məkanının bütün dövlətləri siyasi deyil, iqtisadi baxımdan əvvəlki münasibətləri bərpa edəcəklər. Vaxtilə Sov.İKP MK-nın baş katibi vəzifəsinə fərasətsiz Qorbaçovu deyil, məhz Heydər Əliyevi seçmək lazım idi, onda hər şey düzgün ssenari üzrə inkişaf edərdi.