Vladimir Uxov

Keçmiş SSRİ Nazirlər Soveti Katibliyi müdirinin müavini

Mən Heydər Əliyevin rəhbərliyi altında işləyirdim. Bizim şöbəyə onun adına çoxlu məktub gəlirdi. Təkcə Azərbaycandan ildə təxminən 6-7 min məktub alırdıq. Heydər Əliyev sakit yaşaya bilməyən, coşğun həyatlı bir insan idi. O, dəqiqlik, səlislik, hər bir məsələni operativ həll etmək bacarığı kimi şəxsi keyfiyyətlərini üzə çıxarmağa imkan verən şəraitdə işləməyi sevirdi.

Heydər Əliyev çox qətiyyətli və ədalətli insan idi. Onun rəhbərliyi ilə işləyən və ya müxtəlif məsələlərlə bağlı onunla ünsiyyətdə olan əməkdaşlara böyük hörmətlə yanaşırdı. Bu əməkdaşlar arasında ondan cavanları da var idi. Lakin Heydər Əliyev hamıya “siz” deyə müraciət edirdi.

Onu başqalarından fərqləndirən ən əsas cəhət işgüzarlığı idi. O, həddindən artıq çox işləyirdi. Şəxsi söhbətlərimiz zamanı biz ona deyirdik: “Heydər Əliyev, nə üçün bu qədər işləyirsiniz?” O cavab verirdi ki, başqa cür bacarmır, bu, onun həyat tərzidir. Hətta Azərbaycana məzuniyyətə gedəndə orada da işləməkdə davam edirdi. Aparatın bütün əməkdaşları dincəldiyi vaxt O, adəti üzrə iş yerində qalır, məsələləri həll etməklə məşğul olurdu. Mənə həmişə elə gəlirdi ki, O, nəfəsini dərmədən işləyir, həmişə çalışır. Bəlkə də hardan dincəlirdi, yəqin, teatra gedəndə. O, incəsənəti çox sevirdi.

Xahişlərə, məktublara xüsusi həssaslıqla yanaşır, insanların problemlərinin, fərqi yoxdur, kiçik və ya böyük problemlərinin, həllinə daim kömək edirdi. Ona məktublar,əsasən, Azərbaycandan gəlirdi. Xatirimdədir, bir vətəndaş musiqi aləti almaqda yardım göstərməsini xahiş edirdi. Heydər Əliyev hətta belə adi xahişi də diqqətsiz qoymadı. O mənə Azərbaycan KP MK ilə əlaqə yaradaraq bu işlə kimin məşğul ola biləcəyini öyrənməyi tapşırdı. Mən də problemi həll edə bildim. Belə məktublar çox idi və O hamıya kömək edirdi. O, respublika ilə daim sıx əlaqə saxlayır, məktublar oxuyur, məsələləri həll edirdi.