Postsovet məkanındakı heç də bütün dövlətlərdə Azərbaycan Prezidenti kimi belə müdrik, təcrübəli adamlar dərhal rəhbərliyə gəlməmişlər. Mənə elə gəlir ki, bu, təsadüfi deyildir. Ona görə təsadüfi deyil ki, bütövlükdə postsovet məkanında baş verən proseslər nə qədər mürəkkəb olsa da, dövlətlərimizin xalqlarının tələbləri bu münasibətlərdə müsbət nəticə əldə olunmasına yönəldilmişdir. Təbii ki, onlar bu problemləri həll etməyə qadir insanları irəli çəkirlər. Rusiya ilə Azərbaycan arasında ənənəvi münasibətlər var, biz bu barədə çox danışmışıq və yerli rəhbərliyin, prezident Heydər Əliyevin xidmətlərini lazımınca qiymətləndirmək gərəkdir.
Heydər Əliyevi onun yanında tərifləmək mənim üçün münasib deyil. Lakin onun dövlət müdrikliyini qeyd etməyə bilmərəm. Bu da ondan ibarətdir ki, Sovet İttifaqının dağılmasından sonra gedən çox mürəkkəb proseslərə baxmayaraq, Azərbaycanla Rusiya arasında münasibətlərdə hər halda müəyyən gərginlik olmuşdur. Azərbaycanda rus mədəniyyətinə və rus dilinə münasibət faktı təkcə dövlətlərarası münasibətlərin əvvəlki səviyyədə bərpası üçün deyil, həm də bu münasibətlərin ölkələrimizin xalqlarının mənafeyi naminə inkişafı üçün qapıları açıq qoymuşdur.
Rusiyanın və Azərbaycanın tərəqqisinə həqiqi qayğı Azərbaycan və Rusiya xalqları arasında toplanmış dostluq potensialını təkcə qoruyub saxlamağı deyil, həm də onu zənginləşdirməyi tələb edir. Mehriban qonşuluq, yüksək mənəviyyat və qarşılıqlı hörmət yeni minillikdə qardaş Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinin möhkəm əsasıdır. Azərbaycan Prezidenti məni rəsmi səfərə dəvət edəndə dedim ki, Heydər Əliyev, biz onsuz da Sizinlə hər üç aydan bir görüşürük, vaxt itirmək nəyə lazımdır? O dedi, sən hələ cavansan, başa düşmürsən, əslində, bunun həm Rusiya, həm də Azərbaycan üçün əhəmiyyəti böyükdür. Onda mən ona dedim ki, “yaxşı, gələrəm”. Həqiqətən, dünənki və bugünkü görüşlərimizdən aydındır ki, bu, sadəcə olaraq, formal olaraq iş deyil, bu, həqiqətən, Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafına ciddi və əhəmiyyətli təkan verə bilər və yəqin ki, verəcəkdir.
Lakin sözümü bununla qurtara bilmərəm. Mən bu dəvəti təkcə ümumən Azərbaycana, onun rəhbərinə çox xoş hisslər bəslədiyimizə görə deyil, həm də ona görə qəbul etdim ki, Heydər Əliyev xeyli dərəcədə mənim həmyerlimdir, hər halda mən belə hesab edirəm. Bəli, bu, həqiqətən, belədir. Düşünürəm ki, Siz indi mənimlə razılaşacaqsınız, çünki o, xeyli müddət mənim doğma şəhərimdə – Peterburqda – Leninqradda yaşamışdır, orada xüsusi təhsil müəssisəsini bitirmişdir. Mən öz həmkarlarımdan xahiş etmişəm, biz bir sıra arxiv sənədləri qaldırmışıq. O, hələ bunu bilmir, bu da onun üçün gözlənilməzdir. Xüsusi məktəbi bitirmək haqqında şəhadətnamə budur, orada yazılmışdır: “Baş leytenant Heydər Əliyevin şəhadətnaməsi. 16 may 1949-cu il”. Sonra onun təhsilinin nəticələri gəlir. Mən hamısını olmasa da bəzi yerlərini oxuyacağam. “Dialektik və tarixi materializm – əla, çekist hazırlığı – əla, SSRİ-nin və xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası – əla, cinayət hüququ – əla, ədəbiyyat – məqbul, hərbi iş – məqbul, rus dili – əla”. Zənnimcə, burada başqa qiymətlər yoxdur. Hamısı “əla”-dır.
Sonda demək istərdim ki, əgər universitetinizin tələbələri də Azərbaycan Prezidentinin vaxtilə oxuduğu kimi oxusalar, ölkənin tərəqqi işi etibarlı əllərdə olacaqdır.
Görkəmli dövlət xadimi və siyasi xadim kimi Heydər Əliyevə Rusiyada səmimi hörmət hissləri bəsləyirlər. Azərbaycan xalqının rifahı naminə fəaliyyəti Heydər Əliyevə bütün dünyada geniş şöhrət qazandırmışdır.
Ölkələrimizin xalqlarını əsrlər boyu bir-birinə bağlamış və indi də bağlayan əsl dostluq, yaxın mehriban qonşuluq və qarşılıqlı etimad ənənələrinin inkişafı və möhkəmlənməsi işinə verdiyiniz töhfəni yüksək qiymətləndiririk.
Əminəm ki, Heydər Əliyevin şəxsi səyləri sayəsində strateji tərəfdaşlıq xarakteri alan Rusiya–Azərbaycan münasibətləri Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin qorunmasının ən mühüm amillərindən biri olaraq, bundan sonra da hər vasitə ilə möhkəmləndiriləcəkdir.
* * *
Heydər Əliyev böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasət nəhəngi idi. Mən ona, sadəcə, böyük hörmətlə yanaşmırdım, mən ona məhəbbət bəsləyirdim. Bu, böyük itkidir.
Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi həyatdan getmişdir. Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir. Onun vəfatı Müstəqil Dövlətlər Birliyi, bütün beynəlxalq birlik üçün əvəzsiz itkidir. Heydər Əliyev, həqiqətən, Rusiyanın böyük dostu idi, biz bunu hiss edirdik və çox qiymətləndirirdik.