Heydər Əliyev haqqında keçmiş zamanda danışmaq ədalətsizlik olardı. Onun adı zəmanəmizin parlaq və sönməz səhifəsidir.
Şübhə yoxdur ki, Heydər Əliyev Sovet İttifaqının tarixində və postsovet ölkələrinin yeni tarixində görkəmli simadır və bu fenomen öz başlanğıcını Şərq fəlsəfəsinin dərinliklərindən götürür və gələcək nəsillər üçün yol göstərir. Güclü intellektə malik insan, müdrik və uzaqgörən dövlət xadimi Heydər Əliyev məğrur Azərbaycan xalqının böyük mədəni-tarixi ənənəsini həmişə özündə təcəssüm etdirmişdir. Onun məşhur Atatürklə müqayisə edilməsi buna daha bir sübutdur.
Səmimi qeyri-protokol görüşləri bir yana qalsın, hətta rəsmi söhbətlərin protokolu çərçivəsində Heydər Əliyevin parlaq siyasi zəkası özünü göstərirdi. O, ictimai həyatın bütün sahələrində ensiklopedik bilik nümayiş etdirirdi. Dialoq zamanı Heydər Əliyev daim özünün diplomatik nəzakəti və incə üslubu ilə adamı heyran qoyurdu. Onun bütün bu keyfiyyətləri ünsiyyətin məzmununa və ahənginə müsbət təsir göstərirdi. Bu insanla görüşdüyümə görə, məhz Heydər Əliyevdən misilsiz siyasi müdriklik, milli ləyaqət, başqa xalqlara münasibətdə tolerantlıq dərsləri almaq imkanına görə taleyimə minnətdaram.
Heydər Əliyev danışanda sözlərində daim öz xalqı, onun firavanlığı, sosial sabitliyi və mənəvi sağlamlığı barədə düşündüyü hiss edilirdi. Ümummilli liderin xalqın ənənələrinə, Azərbaycan cəmiyyətinin mənəvi və mədəni dəyərlərinə səmimi qəlbdən hörmət bəsləməsi milli dirçəlişin kamil fəlsəfəsini formalaşdırmağa imkan verirdi.
Prezident Heydər Əliyevin 1993–2003-cü illər ərzində daxili və xarici siyasəti, xüsusən onun yeni neft strategiyası və qədim İpək yolunu dirçəltmək siyasəti Azərbaycanın ictimai-siyasi sabitliyinə və iqtisadi yüksəlişinə gətirib çıxarmışdır. Prezidentin demokratik islahatları beynəlxalq birlikdə Heydər Əliyevin başçılıq etdiyi Azərbaycan Respublikasına yüksək hörmət hissini gücləndirmişdir.
Heydər Əliyev istər sovet Ukraynasında, istərsə də müstəqil Ukraynada baş verən sosial-iqtisadi və milli-mədəni proseslərin xüsusiyyətlərini həssaslıqla başa düşürdü. XX əsrin 90-cı illərinin ortalarından bəri Ukrayna–Azərbaycan əməkdaşlığının yeni keyfiyyətini həmin anlam, habelə Ukrayna xalqının öz milli dövlətçiliyinə əsrlər boyu can atmasına olan daimi hörmət müəyyənləşdirmişdir. Heydər Əliyevin mənəvi nüfuzu ilə təsdiq edilən Azərbaycan–Ukrayna münasibətləri, şübhəsiz, gələcəkdə də möhkəmlənəcəkdir.
Mən əminəm ki, Heydər Əliyev kimi miqyaslı siyasətçiləri həyata tarixin özü gətirir. Əlamətdar haldır ki, Heydər Əliyevin 30 ildən artıq bir dövr ərzində apardığı dövlət siyasəti Azərbaycanın zəngin tarixinin bir hissəsi olmuş, Azərbaycan xalqına nikbinlik hissini qaytarmışdır.
Heydər Əliyev kimi mənəviyyat məşəlinin, siyasi fikir nəhənginin, ən yeni tarixin strateqi və qurucusunun Ukraynaya əsl səmimi münasibətini, həqiqi dostluğunu və həssas diqqətini Ukrayna xalqı həmişə duymuşdur və bundan sonra da duyacaqdır.
Suveren dövlətlər kimi Ukrayna ilə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsi naminə prezident Heydər Əliyevin yorulmadan çəkdiyi zəhməti və göstərdiyi müdrik dəstəyi Ukraynada xatırlayır və yüksək qiymətləndirirlər. Bu münasibətlər, həqiqətən, Ukrayna və Azərbaycan xalqlarının mənafelərinə xidmət edir.
Azərbaycan deyəndə mən, ilk növbədə, Heydər Əliyevi xatırlayıram. Mən bir dəfə Bakıda olmuşam. O vaxta qədər mənə dövlətlərarası tədbirlərdə Heydər Əliyevi yalnız kənardan müşahidə etmək qismət olmuşdu. Biz Azərbaycan deyəndə Heydər Əliyev başa düşürük, Heydər Əliyev deyəndə isə Azərbaycan. Mən bunu xüsusilə Heydər Əliyev ilə bilavasitə ünsiyyətdə olandan sonra başa düşdüm. O, çox müdrik adam idi. Onun şəxsiyyətində şərqliliklə avropalılıq birləşmişdi. Bu, böyük qüvvədir. İnsan ən müxtəlif mədəniyyətləri, təcrübələri özündə cəmləşdirəndə mürəkkəb dövrümüzün meyillərini anlaya bilir. Mən Bakıda olanda İlham Əliyevlə görüşdüm və onun, xüsusilə siyasi məsələlərdə atasının necə layiqli davamçısı olduğunu gördüm.