Heydər Əliyevə qədər dəmir yolu nəqliyyatına Sovet İKP MK Siyasi Bürosu üzvlüyünə namizədlər kuratorluq edirdilər. Mən SSRİ yollar nazirinin müavini işləyərkən 1979-cu ildən başlayaraq onlardan xahiş edirdim ki, yol təsərrüfatı işinin nə qədər ağır olduğunu görmək üçün əsaslı təmir işini izləsinlər. Amma mən onları buna inandıra bilmirdim.
Heydər Əliyev Siyasi Büronun üzvü seçildikdən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunduqdan sonra (dəmir yolu nəqliyyatına kuratorluq da onun səlahiyyətləri daxilində idi), bizimlə birlikdə əsaslı təmirin gedişinə baxmasını ondan xahiş etdim. O buna razılıq verdi. Biz 1983-cü il iyulun 21-də 1 nömrəli təcrübəvi yol-maşın stansiyasının işçiləri ilə işə başladıq. Dörd saat ərzində 2 kilometr köhnə yol söküldü və yenisi salındı. Heydər Əliyev əvvəldən axıradək bu prosesi izlədi, fəhlələrlə söhbət apardı və işin başa çatması münasibətilə mühəndis-texniki işçiləri hərarətlə təbrik etdi. Beləliklə, O, yol təsərrüfatı işinin ağırlığını öz gözləri ilə gördü. Bundan sonra O, yol işləri üçün xaricdən maşın və mexanizmlərin alınmasına dair valyuta ayrılmasına göstəriş verdi.
O məni tez-tez yanına çağırır və yol işləri ilə maraqlanırdı. Bir dəfə onunla söhbət zamanı mən yoldəyişdiriciləri, onların çarpaz hissələrinə aid məsələyə toxundum və dedim ki, bu avadanlıq yeyildiyinə görə bir çox stansiyalarda qatarların sürətinə məhdudiyyət qoyulur. Mənim məlumatımdan sonra Heydər Əliyev Murom yoldəyişdiricilər zavodunda modernləşdirmə aparılması barədə göstəriş verdi. İşlər tamamlandıqdan sonra onun təntənəli açılışında yollar naziri N.Konorevlə birlikdə iştirak etdi. 1984-cü ilin avqustunda Moskvada, SSRİ Yollar Nazirliyində ölkənin 32 dəmir yolunun, hissələrin, bəzi lokomotiv və vaqon depolarının, yol, rabitə, enerji təchizatı distansiyaları rəislərinin, həmkarlar ittifaqı komitələri nümayəndələrinin, SSRİ Nazirlər Soveti işçilərinin iştirakı ilə geniş kollegiya iclası keçirilirdi. İclasda Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev da iştirak edirdi. O bu iclasdakı 1 saat 30 dəqiqəlik çıxışında ölkənin dəmir yolu nəqliyyatındakı vəziyyətin dərin təhlilini verdi və çatışmazlıqları göstərdi. Onun heç bir yazılı mətndən istifadə etmədiyi bu əhatəli çıxışına hamı valeh olmuşdu. Kollegiya iclası qurtardıqdan sonra, əsas etibarilə yol təsərrüfatı işçiləri mənə yaxınlaşıb deyirdilər ki, yəqin yoldaş Əliyev dəmir yolu mütəxəssisidir. Mən isə onları inandırmalı oldum ki, belə deyildir. Yoldaş Əliyev Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. İlk dəfə mənimlə də dəmiryolçu dilində danışanda, məəttəl qalmışdım.