Hörmətli Heydər Əliyev dostumdur, qardaşımdır, Azərbaycan Respublikasının Prezidentidir. Onunla uzun zamandır ki, tanışıq. Ona böyük sevgim, hörmət və ehtiramım vardır. Bunun kökündə onun insani xüsusiyyətləri, Azərbaycan millətinə, xalqına xidmətləri, Azərbaycan dövləti, müstəqilliyi naminə gördüyü işlər durur. Mənim tanıdığım Heydər Əliyev Azərbaycan vətənpərvəridir, bir o qədər də türk vətənpərvəridir. O, böyük türk topluluğunun keçmişini, gələcəyini çox yaxşı bilir. Yaxşı bilir ki, bu topluluğun içindəki hər müstəqil dövlət bir qardaşdır. Millət birdir, dövlətlər ayrı-ayrıdır. Türkiyə və Azərbaycan xalqları qardaş millətdir, bir millətdir. Biz bu millətin iki dost və qardaş dövlətləriyik.
Hörmətli Heydər Əliyev Azərbaycanın ən çətin vaxtında siyasət səhnəsinə çıxmışdır. 1960-80-ci illərdə Heydər Əliyevin Azərbaycana böyük xidmətləri olmuşdur. Bəzi insanlar, siyasi xadimlər ölkələrinə xidmət göstərir, amma elə bir gün gəlir ki, belə şəxslərə olduqca böyük ehtiyac duyulur. Yəni bu şəxs olmasa, “bu ölkənin taleyi necə olacaqdır?”- deyə düşünəcəksiniz. Məsələn, Çörçill 1939-cu ildə İngiltərənin rəhbərliyində olmasaydı, tarixin gedişi necə dəyişərdi?! Çörçill 65 yaşındaydı və o zaman İngiltərədə çoxlu siyası xadim vardı. Ancaq ehtiyac duyulan şəxs o idi.
Hörmətli Heydər Əliyev 1993-cü ilin iyununda yenidən hakimiyyətə gəlmişdir. O zamanı xatırlayın. Azərbaycan müstəqilliyini elan etmişdi. Ölkədə qarışıqlıq yaşanırdı. Bundan sonra Əbülfəz Elçibəy sabitlik yarada bilmədi. Yenə də Azərbaycanda qarışıqlıq meydana gəldi: yəni müstəqilliyini əldə edən xalq bayram şənlikləri əvəzinə, hakimiyyət uğrunda mübarizə içərisində idi. Belə vəziyyətdə bir adamın ortaya çıxıb “dayanın!”- deməsi zəruri idi. Azərbaycan xalqı Heydər Əliyevə böyük ehtiyac duydu. Heydər Əliyev özü gəlib hakimiyyəti ələ almadı. Onu bu yüksək vəzifəyə Azərbaycan xalqı dəvət etmişdi. Və növbəti 10 il ərzində Azərbaycan sabitlik içində yaşadı. Mən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təsirini azaltmaq, bunu əhəmiyyətsiz göstərmək fikrində deyiləm. Onu söyləmək istəyirəm ki, Heydər Əliyev rəhbərliyə gəldiyi zaman artıq Qarabağda olan olmuşdu. Keçən 10 il ərzində bu məsələnin həllində iki yol vardı: birincisi, müharibəni davam etdirmək, Azərbaycanın bütün ehtiyatlarını xərcləmək, ölkəni viran hala gətirmək və ya sülhə, daha doğrusu, atəşkəsə nail olaraq qan tökülməsinin qarşısını almaq, vaxt qazanmaq idi. Məncə, ən doğru yol seçildi.
Bizi bağlayan telləri daha da gücləndirən və xalqlarımız arasında işbirliyi qurulması arzusunu əks etdirən bu səfərdə rəsmi görüşlərdən savayı, əziz dostum və qardaşım, hörmətli prezident Heydər Əliyev ilə bütün məsələlər barədə təkbətək, səmimi qəlbdən fikir mübadiləsi etdik. Möhtərəm Əliyevin müxtəlif məsələləri dəqiq duyması və gerçək, dəyərli fikirlər söyləməsi yolumuzu işıqlandırmışdır. Azərbaycan idealına onun ürəkdən bağlı olması öz millətinə necə şövq verirsə, bizə də o qədər xoş təsir bağışlayır.
Hörmətli Heydər Əliyevin rəhbərliyi ilə qardaş Azərbaycanda demokratik sistem bərqərar ediləcəkdir. Ölkələrimiz arasında uzun illərdən bəri davam edən dostluğumuz bizdə bir birimizə dərin inam hissi yaratmışdır və biz daim əlaqə saxlayır, görüşürük. Bu fikirləri həyatın dərin sınaqlarından məğrurluqla, sarsılmaz iradə ilə çıxan, dostluqda sədaqət rəmzi olan Heydər Əliyevin hüzurunda söyləməkdən xüsusi bir məmnunluq duyuram.
Azərbaycanda nə varsa, hamısı Heydər Əliyevin xidməti sayəsində yaradılmışdır. Hörmətli Heydər Əliyevin Azərbaycana gətirdiyi ən önəmli məsələlərdən biri də möhkəm sabitlikdir. Atəşkəsə nail olunaraq, ölkənin digər işləri ilə məşğul olmaq imkanı yaradıldı, daxili sabitlik bərqərar edildi, iqtisadi inkişaf, quruculuq işləri başlandı.
Hörmətli Heydər Əliyevin gördüyü ən böyük işlərdən biri məhz ölkədə sabitliyin, asayişin bərqərar olunmasıdır. Bu asan iş deyildi. Heydər Əliyevə qarşı sui-qəsdlər hazırlanırdı. Ancaq Azərbaycan xalqı üçün, mənim qardaşlarım üçün ən vacib olanı müstəqil dövlətin yüksələn bayrağıdır. Yüksələn bayraq enməz! Azərbaycanın müstəqilliyi güclüdür, əbədidir. Heydər Əliyev öz həyatını təhlükəyə ataraq, Azərbaycandakı qardaş qarşıdurmasına son qoymuşdur.
Heydər Əliyev Azərbaycana demokratik seçkiləri gətirmişdir. Demokratiya o qədər də asan məsələ deyildir. Kommunist sistemindən, marksist sistemindən bazar iqtisadiyyatına və demokratiyaya keçmək çox çətin bir prosesdir. Heydər Əliyev bu prosesin bünövrəsini qoymuşdur. Zəruri islahatların müəllifidir. Heydər Əliyev Azərbaycanı dünyaya tanıtdı. Azərbaycan BMT, Avropa Şurası, ATƏT, İKT kimi nüfuzlu beynəlxalq təşkilatların bərabərhüquqlu üzvüdür. Azərbaycan bütün dünya tərəfindən tanınır.
Heydər Əliyev Əsrin müqaviləsinin, Bakı–Tbilisi–Ceyhan əsas ixrac kəməri layihəsinin memarıdır. Bu, böyük hadisədir. Torpağın altında yatan sərvət Azərbaycan xalqının rifahına xidmət edəcəkdir. “Zəngin təbii ehtiyatlarımız var” deməklə bir şey olmaz. Əhəmiyyətli olan bu zəngin ehtiyatları xalqın maddi rifahının yüksəldilməsi üçün istifadə etməkdir.
Hörmətli Heydər Əliyev həm Türkiyə, həm də digər qonşular – Gürcüstan, Rusiya və İranla möhkəm əlaqələr qurmuşdur, Ukrayna ilə, Orta Asiyadakı türkdilli dövlətlərlə sıx münasibətlər yaratmışdır. Azərbaycanın MDB daxilində əhəmiyyətli yeri vardır.
Azərbaycan ilə ABŞ arasında çox yaxşı əməkdaşlıq əlaqələri mövcuddur. Prezident Heydər Əliyevin istər Əfqanıstan, istərsə də İraq müharibələri zamanı tutduğu mövqe də çox müsbətdir.
Müasir dünyada beynəlxalq aləmdə mühüm rol oynamaq üçün güclü olmaq lazımdır. Daxili siyasi və iqtisadi problemlər yaşayan dövlət beynəlxalq aləmdə də həlledici rol oynaya bilməz. Həm Türkiyə, həm də Azərbaycan daxildə güclü olmalıdır. Həm Türkiyə, həm Azərbaycan müasir dünyada coğrafi-siyasi baxımdan çox əhəmiyyətli strateji mövqeyə sahibdirlər.
Mən Türkiyə və Azərbaycanın bugünkü əlaqələrini yüksək qiymətləndirirəm. Bunu xüsusi vurğulamaq istəyirəm: Türkiyədə iqtidara kim gəlirsə gəlsin, bu iki dost və qardaş arasında əlaqələr həmişə yaxşı olacaqdır. Buna əminəm. Çünki bu əlaqələrin dərin kökləri vardır. Həmin əlaqələrin arxasında xalq dayanır. Azərbaycanın Türkiyədən yaxın, Türkiyənin isə Azərbaycandan yaxın kimi var?!
Hörmətli Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə gəlməsi ölkəniz üçün bir şansdır. İnsanların qiyməti getdikdən sonra deyil, vaxtında, xalqa xidmət etdiyi zaman bilinməlidir. Vəzifədən getdikdən sonra insanları qiymətləndirmək artıq gecdir. Azərbaycan xalqı möhtərəm Heydər Əliyevin qiymətini, dəyərini çox yaxşı bilir.
Hörmətli Heydər Əliyev ilə uzun illər davam edən dostluğumuz Azərbaycan Respublikası müstəqillik qazanandan sonra daha da genişlənmiş və möhkəmlənmişdir. Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının yetişdirmiş olduğu ən məşhur dövlət xadimlərindən biridir .
Hörmətli Heydər Əliyev dünyada tanınan adamdır. Hansı qapını döysə, o qapı açılır. İstədiyi zaman Şirakla, istədiyi zaman Buşla, istədiyi zaman istənilən insanla danışır. Azərbaycan dövlətini dünyada etibarlı şəkildə təmsil etməkdədir.
Azərbaycanın bugünkü səviyyəyə gəlib çatmasında böyük dövlət adamı, əziz qardaşım prezident Heydər Əliyevin müdrik rəhbərliyinin mühüm rol oynadığı şübhəsizdir. Qardaşım Heydər Əliyevin dövlət adamı kimi xüsusiyyətləri, istedadı və təcrübəsi Azərbaycanda demokratikləşmə prosesinin sürətləndirilməsinə, bu ölkənin dünya birliyi ilə sıx inteqrasiyasına çox böyük kömək etmişdir.