Cənab Prezident, Sizin Vaşinqtona və ABŞ-ın digər şəhərlərinə rəsmi səfərinizdən beş ay vaxt keçməsinə baxmayaraq, haqqınızda olan yüksək fikir Amerika vətəndaşlarının xatirində çox yaddaqalan olmuşdur. Onlar Sizə dərin hüsn-rəğbət bəsləyirlər. Bunun iki səbəbi vardır. Bu, birincisi, hamıya məlum olduğu kimi, ABŞ-da keçirdiyiniz görüşlərdə, apardığınız danışıqlarda özünü göstərmiş intuisiyanıza, yüksək danışıq qabiliyyətinizə görə olmuşdur. İkinci səbəb ondan ibarətdir ki, Siz Corctaun Universitetində çıxış edərkən müxtəlif mövzuda suallara çox ətraflı və dolğun cavablar vermisiniz. Həmin görüş zamanı bir daha göstərdiniz ki, Siz ölkənizin əsl liderisiniz, heç nədən qorxmursunuz və ölkənizin maraqlarını hər şeydən üstün tutursunuz.
Sizinlə görüşlərimiz və əməkdaşlığımız haqqında o qədər xatirələrim var ki. Ən birinci xatirəm isə Azərbaycan yenicə müstəqilliyə çıxdıqdan dərhal sonra baş verən görüşümüzlə bağlıdır. Siz o zaman Naxçıvanda idiniz və yerli əhaliyə yardımın gətirilməsini təşkil edirdiniz. Mən ilk dəfə orada Sizinlə tanış oldum və birgə işlədim. Sizə elə o vaxtdan ürəkdən bağlandım, çünki mənə atamı xatırlatdınız. Ümid edirəm, bu həqiqəti söylədiyimə görə məndən inciməyəcəksiniz, doğurdan da, ona bir qədər oxşayırsınız.
Bu görüşdən sonra Sizinlə dəfələrlə həm mülki şəxs kimi, həm də hakimiyyətdə olarkən birgə işlədim, Sizi Bakıda ziyarət etdim. Daha bir xatirəm ABŞ–Azərbaycan Ticarət Palatasının həmsədri olduğum müddətlə bağlıdır. Siz Vaşinqtonda səfərdə olarkən, mənə Sizi ABŞ-ın görkəmli şəxslərinə təqdim etmək şərəfi nəsib olmuşdu. Bunu xüsusi rəğbətlə edirdim. Sizi həmçinin sabiq müdafiə naziri Kasper Vaynbergerə təqdim etdim. Xatırlayıram, Siz cənab Vaynbergerə baxıb dediniz: “Sizi televiziya ilə o qədər düşmən qismində görməyə öyrəşmişəm ki, şəxsən tanış olmağımdan məmnunam”. Bu, mənim üçün unudulmaz hiss idi, çünki Kasper Vaynberger mənim keçmiş müdirim və müəllimim olmuşdur.
Son zamanlar Sizinlə yenidən, bu dəfə mən hakimiyyətdə olarkən müxtəlif məsələlər üzrə birgə əlaqələr qurmuşuq. Şərq–Qərb enerji dəhlizi layihəsində Sizin rəhbərliyiniz Bakı–Tbilisi–Ceyhan kəmərini mümkün etmişdir. Həmçinin, Sizinlə birgə çalışaraq Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanması üçün həll yollarının araşdırılması mənim üçün maraqlı idi.
Öz azadlığını, müstəqilliyini qorumaq yolu, demokratiya, azadlıq yolu ilə irəliləyərkən Azərbaycan çox böyük çətinliklərlə qarşılaşıb və bundan sonra da qarşılaşacaqdır. Lakin biz qəti əminik ki, Azərbaycan Heydər Əliyevin rəhbərliyi altında qətiyyətini bundan sonra da göstərərək, öz dövlət müstəqilliyini daha da möhkəmləndirəcəkdir.
Mən müşahidə etmişəm və həqiqətən, belədir ki, Azərbaycanın çox uzaqgörən prezidenti vardır. Siz həmişə demokratiya, tərəqqi, iqtisadi irəliləyiş haqqında düşünür, həmişə düzgün hərəkət edirsiniz. Belə adamlar həmişə işləri yaxşı nəticəyə gətirib çatdırırlar.
ABŞ-da Sizin dostlarınız çoxdur və onlar dəfələrlə ölkənizə səfər etmiş, bu regionun ən uzaqgörən şəxsi ilə görüşmüşlər.
Bütün Birləşmiş Ştatlar hökuməti Sizin rəhbərliyiniz altında Azərbaycanın həm Əfqanıstanda, həm də İraqda əməliyyatlar zamanı koalisiyaya möhkəm dəstəyinə görə təşəkkürünü bildirir. Bunlar əsl dostluğun ölçüləridir. Amerikalılar bunları unutmur və heç bir zaman unutmayacaqlar.
Heydər Əliyev Azərbaycanın dövlət başçısı kimi uzaqgörənlik, müdriklik göstərərək, Ermənistan–Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün çox böyük işlər görmüşdür. Sülhün əldə olunması üçün gördüyü gərgin işlərlə yanaşı, ölkənin iqtisadiyyatının bərpa olunmasına və canlandırılmasına da böyük həvəslə başlayan prezident Heydər Əliyev Azərbaycanın qapılarını dünya birliyinin üzünə açmış və xarici şirkətlərin sərmayə qoymaları üçün hər bir şərait yaratmışdır.
Prezident Heydər Əliyevin Azərbaycanın demokratik inkişafını təmin etmək məqsədi ilə demokratik təsisatların yaradılması sahəsində göstərdiyi xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Cənab Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi və liderliyi artıq öz bəhrəsini verməkdədir.