Oljas Süleymenov

Məşhur Qazaxıstan yazıçısı

SSRİ-nin «yenidənqurma eşqinə düşən» rəhbərliyi peşəkarları vəzifədən uzaqlaşdıraraq, yeni dövlətlərin müqəddəratını naşıların və kütlənin öhdəsinə buraxmaqla xalqları separatçılıq, vətəndaş müharibələri və etnik təmizləmələr faciəsinə düçar etdi. Tacikistan, Özbəkistan, Qırğızıstan, Moldaviya, Gürcüstan, Azərbaycan, Çeçenistan… Yüz minlərlə insan öldürüldü, milyonlarla adam vətənindən didərgin salındı.

Mən əminəm ki, əgər 80-ci illərin axırları 90-cı illərin əvvəllərində Heydər Əliyev Azərbaycana rəhbərliyi davam etdirsəydi, nə Ermənistan–Azərbaycan münaqişəsinə, nə də Sumqayıt hadisələrinə yol verməzdi. 1990-cı ilin yanvarında general Varennikovun tankları Bakıya yeridilməzdi. 1992-1993-cü illər müharibəsində Qarabağ itirilməzdi.

 Heydər Əliyev, mən Sizə həmişə böyük hörmətlə yanaşmışam və yanaşacağam. Çünki bir şəxsiyyət kimi, dövlət xadimi kimi bütün keçmiş Sovet İttifaqı üçün, Azərbaycan xalqı üçün, Yer üzündəki bütün türk xalqları üçün qədir-qiymətinizi bilirəm. Əgər 1990-cı ildə Siz burda olsaydınız, həmin o Qara Yanvar olmazdı.

Bütün bunlar siyasi qeyri-peşəkarlığın nəticəsidir. Peşəkarlar meydandan çəkilmiş və boşluğu səriştəsiz insanlar doldurmuşdur. Siyasi nadanlıq milyonlarla insan faciəsinə gətirib çıxarır. Çox vacibdir ki, müstəqilliyin təşəkkül tapdığı məhz bu çətin dövrdə xalqlara Sizin kimi yüksək dərəcəli peşəkarlar, bərkdən-boşdan çıxmış insanlar rəhbərlik etsinlər. Çünki belə imkan xalqlara min ildə bəlkə də bir dəfə verilir və onu əldən buraxmaq olmaz. Ondan elə istifadə etmək lazımdır ki, xalq bu dövrdən möhkəmlənmiş halda çıxsın və onun sonrakı nəsilləri irsən müstəqil, sözün əsl mənasında, azad və məşhur insanlar olsunlar. Heydər Əliyev, Sizin kimi rəhbərlərin xidməti məhz bundan ibarətdir.