Nikolay Konarev

Keçmiş SSRİ yollar naziri

Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildikdə Yuri Andropov ona dəmir yol nəqliyyatının kuratoru olmağı tapşırdı. Elə ertəsi gün Heydər Əliyev onu vəziyyətlə, Sovet İttifaqının dəmir yol nəqliyyatının işi ilə tanış etmək üçün məni yanına çağırdı. Təsəvvür edin ki, bizim bu ilk söhbətimiz dörd saatdan çox çəkdi. Onun sahəyə belə maraq göstərməsi aldığı tapşırığa ciddi yanaşmasından xəbər verirdi. Andropov isə ona inanırdı.

 O zaman Nazirlər Sovetində vaxtilə L.Brejnev tərəfindən təyin olunmuş çoxlu adam vardı. Belə başa düşürdüm ki, Yuri Vladimiroviç aparatı yaxşı tanıdığı və etibar etdiyi adamları cəlb etməklə təzələmək istəyirdi. Vaxtilə Azərbaycanın Dövlət Təhlükəsizliyi Komitəsinə rəhbərlik etmiş Heydər Əliyevin təyinatı bu istiqamətda ilk addım oldu. Yuri Andropov Heydər Əliyevi çox yüksək qiymətləndirir, təhlükəsizlik orqanlarındakı işinin nəticələrini dəyərləndirirdi. Zənnimcə, ona hökumətdə belə yüksək vəzifəni məhz buna görə etibar etmişdi.

 Heydər Əliyevlə ilk söhbətimizdən sonra biz hər həftə görüşmək qərarına gəldik və birgə işlədiyimiz bir neçə il ərzində belə də oldu. O, dəmir yol nəqliyyatı ilə bağlı bütün mühüm məsələlər haqqında mənimlə məsləhətləşməmiş fikrimi dinləməmiş heç bir qərar qəbul etmirdi. Bir qayda olaraq, düzgün qərarlar qəbul edirdi. Bunu həyatın özü də təsdiqləyirdi.

 Məsələn, Baykal-Amur Magistralının (BAM) tikintisini xatırlayıram. Bütün bu magistralda hərəkətin 1985-ci ildə açılması haqqında Sovet İKP MK-nın qərarı vardı. Heydər Əliyev nəqliyyata cavabdeh olduğundan tikintinin gedişi ilə çox maraqlanırdı. Sifarişçi biz idik, icraçılar isə Sosnov yoldaşın başçılıq etdiyi Nəqliyyat Tikintisi Nazirliyi idi. Bir müddətdən sonra isə oraya Brejnevin qardaşı oğlu – Vladimir Arkadyeviç Brejnev təyin olundu. O, gənc mütəxəssis idi, işin öhdəsindən pis gəlmirdi. Heydər Əliyev bu nazirliyə də hamilik edirdi. Biz üçlükdə tez-tez bu layihə ilə məşğul olurduq. Tikinti gecikirdi, bu isə narahatlıq doğururdu. Belə olduqda Heydər Əliyev BAM-a getməyi qərara aldı. Xatirimdədir, biz üçlükdə oraya yola düşdük. Haradasa piyada, haradasa qatarla, bəzən də təyyarə ilə, sonra isə yenə də piyada gedirdik. Magistralla çox ciddi tanış olurduq, qərarlar dərhal qəbul edilirdi. Məsələn, magistral çəkilərkən 52 kilometr uzunluğunda dolayı yol çəkilməsi kimi mühüm qərar da elə oradaca, yerindəcə qəbul olundu. Bunun sayəsində BAM-da hərəkət, bir qədər gec də olsa, bütün yol boyu açıldı. Şəxsi münasibətlərə gəldikdə, bizim belə münasibətlərimiz yox idi, ancaq peşə, iş münasibətlərimiz vardı. Mən Heydər Əliyevin harada yaşadığını bilmirdim, ailəsi ilə tanış deyildim. Çox mehriban və gözəl qadın olan ömür-gün yoldaşının onu yola saldığını yalnız bir dəfə görmüşdüm. Bilirdim ki, bu qadın sayəsində görkəmli șəxsiyyətdir. Onların qarşılıqlı münasibətləri xoşuma gəldi. O, həyat yoldaşına çox diqqətcil idi. Təbii ki, o da özünü çox ləyaqətlə aparırdı.

 1982-ci ildən 1987-ci ilədək birgə işlədiyimiz vaxt ərzində biz siyasi mövzulara bir dəfə də olsun toxunmadıq. Mənim onunla ünsiyyətim yalnız bir dövlət adamı kimi olurdu. Bütün işlər, ancaq dövlətin mövqeyindən qoyulurdu. Heydər Əliyev bir dövlət xadimi kimi, təsərrüfatın bir çox sahələrinə hamilik funksiyalarını yerinə yetirən insan kimi həmişə vəziyyətin fövqündə olurdu.

 Çernobılda qəza baş verdiyi günləri xatırlayıram. Heydər Əliyevin köməyi və dəstəyi ilə Yollar Nazirliyi həll edilməli olan bütün məsələləri uğurla həll edə bildi.

 Mənə elə gəlirdi ki, O, dövlət vəzifəsində çalışmasından çox böyük məmnunluq duyurdu, çünki işləməyi çox sevirdi. Mənə hətta elə gəlirdi ki, o, siyasətdən uzaqlaşmasından və konkret işlərlə məşğul olmasından razıdır. Heydər Əliyev həmişə bizimlə idi və heç kəsin həll edə bilmədiyi ən çətin məsələlərin həllinə kömək göstərirdi.

 Onun daim nikbin ovqatda olması şəxsən mənə böyük təsir bağışlayırdı. Həllini gözləyən çoxsaylı ən mürəkkəb məsələlərin olmasına baxmayaraq, həmişə görürdüm ki, o, istənilən məsələnin həllinin mümkünlüyünə əmindir. Bu inam bizi – onun kuratorluq etdiyi nazirləri də ruhlandırırdı. Bu, hafizəmdə həmişəlik qalmışdır.

 Heydər Əliyev həmişə səliqəli, hər işdə sözübütöv, həmişə nəzakətli idi, heç zaman kobudluğa yol verməzdi. Bir sözlə, O bütün işlərin öhdəsindən məharətlə gəlirdi.