Mən Heydər Əlirza oğlu Əliyevi Sovet Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, öz respublikasının müdrik rəhbəri və istedadlı natiq kimi çoxdan tanıyıram. Onu saatlarla dinləmək olardı. Heydər Əliyevin problemləri elmi cəhətdən əsaslandırılmış və eyni zamanda sadə, anlaşıqlı dildə ifadə etmək bacarığı məni həmişə heyran edirdi.
Mən bu qeyri-adi insanla ilk dəfə 1979-cu ildə görüşdüm. O zaman Ukrayna SSR-də keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti günlərinə cavab olaraq, Bakı hava limanına 400-ə yaxın qonaq gətirən iki təyyarə endi. Dostlar çox mehribanlıqla görüşdülər və Ukrayna nümayəndə heyətinin gəlişi ilə əlaqədar elə ordaca mitinq keçirildi.
Elə həmin gün Azərbaycan Kommunist Partiyası MK ilə Ukrayna nümayəndə heyətinin görüşü oldu. Görüşü Heydər Əlirza oğlu Əliyev aparırdı. O qonaqları ürəkdən salamlayaraq bir il əvvəl Ukrayna torpağında keçirilmiş Azərbaycan mədəniyyəti günlərinə görə təşəkkürünü bildirdi. Heydər Əliyev Azərbaycanın iqtisadiyyat, mədəniyyət sahələrində və sosial sahədə qazandığı uğurlardan danışdı.
Tədbirin sonuncu günü böyük dostluq konserti oldu və belə gözəl bayramın başa çatması münasibətilə ziyafət verildi.
Mən yenə də Heydər Əlirza oğlu Əliyevə heyranlıqla baxırdım. O MK-dakı görüşdə dediklərini təkrarlamadan yeni sözlər, ifadələr, misallar, dəlillər tapır, hərdən də zarafat edirdi ki, bu görüş hamıda unudulmaz təəssürat buraxsın.
1979-cu ildən sonra mən Heydər Əliyevlə bir neçə dəfə Moskvada, O SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən görüşdüm. O vaxt dövlət məsələlərini Moskvada həll etmək heç də asan deyildi. Çünki hakimiyyətin mərkəzləşdirilməsi son həddə çatmışdı. Mədəniyyət sahəsində vəziyyət xüsusilə ağır idi. Ukrayna Nazirlər Soveti sədrinin müavini kimi bu sahəyə mən baxırdım. Heydər Əlirza oğlu ilə tanışlığım bunda da mənə öz köməyini göstərdi.
2001-ci ilin sentyabrında tale mənə Heydər Əlirza oğlu ilə yenidən görüşmək səadəti bəxş etdi. GUAM çərçivəsində aktual məsələləri müzakirə etmək üçün bu birliyin qadınlardan ibarət nümayəndə heyətlərinin birinci görüşü keçirildi.
Azərbaycan Respublikasının Prezidenti bizi öz iqamətgahında qəbul etdi. Onunla yeni görüşüm yenə mənə böyük təəssürat bağışladı. Heydər Əliyevin fenomenal yaddaşı, tükənməz natiqlik istedadı, MDB ölkələrində baş verən bütün dəyişikliklərdən xəbərdar olması məni heyrətə gətirdi.
Heydər Əliyev qeyd etdi ki, GUAM birliyi müxtəlif millətlərə, dinlərə mənsub olan ölkələrin və insanların ümumi işi necə uğurlu həyata keçirdiyini bütün dünyaya nümayiş etdirir.
Azərbaycan xalqının lideri müstəqil ölkəsinin daxilində baş verən dəyişikliklərdən, onun nailiyyətlərindən və nöqsanlardan da söhbət açdı.
Qonşu dövlətlə münaqişədən, Dağlıq Qarabağ problemindən, on ilə yaxındır ki, çadır şəraitində yaşayan qaçqınların problemlərindən xüsusi ürək ağrısı ilə danışdı.
Bəli, O, həqiqətən, cəsarətli rəhbər və xalqının haqq işi uğrunda ardıcıl mübarizdir.