Jan Perrən

Fransa Respublikasının Azərbaycan Respublikasındakı ilk səfiri

Siyasi xadim və yaradıcılıq keyfiyyətləri ilə Sovet İttifaqı rəhbərliyində mühüm rol oynamış Heydər Əliyev barəsində çoxdan eşitmişdim. Öz müstəqilliyini bərpa etmiş Azərbaycana səfir təyin olunandan sonra, ölkənin qarmaqarışıq, lakin tarixi dövrünü yaşadığı bir vaxtda bu böyük şəxsiyyətlə görüşmək arzum hədsiz idi. 1993-cü ilin əvvəlləri idi. Mixail Qorbaçovun hakimiyyətə gəlməsindən sonra vəzifəsindən uzaqlaşdırılmış və Naxçıvanda yaşayan Heydər Əliyevə baş çəkməyi qərara aldım. Naxçıvan Muxtar Respublikasından Azərbaycan parlamentinə deputat seçilmiş Heydər Əliyev 1991-ci ilin payızından Naxçıvan Ali Məclisinin sədri idi. Naxçıvan ziddiyyətli iqlimi olan bir ərazidir. Bakıdan fərqli olaraq, havanın temperaturu qışda bəzən mənfi 30 dərəcəyə düşür. Novruz bayramı ərəfəsi olsa da bərk şaxta idi. Başqa yanacaq vasitəsi olmadığından bütün ağaclar kəsilmişdi. Elektrik enerjisi, demək olar ki, yox dərəcəsində idi. Ermənistan və İran sərhədində yerləşən Naxçıvan Ermənistanla münaqişə nəticəsində Azərbaycandan tamamilə təcrid olunduğundan əziyyət çəkirdi. Əhalinin acınacaqlı vəziyyətini bilirdim və bizim humanitar təşkilatın köməyi ilə oraya təyyarədə 40 ton ərzaq aparmağa nail oldum, çünki yük mütləq Novruz bayramı qabağı çatdırılmalı idi. Müntəzəm uçuşların dayandırıldığı bir vaxtda təyyarəmiz qarlı tufana baxmayaraq, yerə endi. Bu cür şücaəti yalnız səriştəli və əraziyə yaxşı bələd olan təyyarəçilər göstərə bilərdi. Heydər Əliyevlə belə bir şəraitdə, həyat yoldaşımın müşayiəti ilə görüşdük. Mən belə bir addım atan ilk səfir idim. Öz zəhmi ilə bizi təsirləndirən bu insan qonaqları qızdırılmayan otaqdakı soyuqla təzad təşkil edən bir hərarətlə qarşıladı. Ümumi sözlərdən sonra Ali Məclisin sədri siyasi şəxsiyyətlər və digər mövzular barədə öz fikrini açıq söylədi. Hadisələrin sonrakı gedişi onun fikirlərinin düzgün olduğunu təsdiqlədi. Heydər Əliyevdən ayrılarkan onu tezliklə Bakıda yenidən görmək arzusunda olduğumuzu bildirdik və bu arzumuz az sonra həyata keçdi.

Naxçıvana bu səyahət xatirimizdə əbədi iz saldı. O vaxtdan etibarən aramızda etibarlı əlaqələr yarandı.

Hadisələr sürətlə inkişaf edirdi. Bir il öncə dövlət çevrilişindən sonra hakimiyyətə gəlmiş prezident Elçibəy ölkədə böyük ehtiram bəslənilən Heydər Əliyevi 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Bakıya çağırdı ki, öz nüfuzundan istifadə edərək, ölkədə yaranmış hərc-mərcliyə son qoysun. Beləliklə, arzumuz çin oldu.

Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda baş vermiş müsbət dəyişikliklərin şahidi olmuşam. Bu dəyişikliklər sayəsində Azərbaycana lazım olan birlik və sabitlik bərpa edilmişdir.

Ölkələrimizin indiki münasibətlərini bircə, lakin çox xarakterik sözlə ifadə etmək olar: “Axtarış”. Hazırda birimiz digərimizi diqqətlə öyrənirik, əməkdaşlıq üçün yollar axtarırıq. Qətiyyətlə deyə bilərəm ki, bu proses çox səmərəli şəkildə davam edir. Azərbaycan Prezidenti Heydər Əliyevin Fransaya səfərindən sonra bu proses xüsusilə sürətlənmişdir. Bu səfərdən sonra Fransanın işgüzar dairələrində yüksək fəallaşma var. Bizim biznesmenlər, iş adamları indi Azərbaycana böyük maraq göstərirlər. Bu marağı onlarda zəngin dövlətçilik təcrübəsinə malik olan prezident Heydər Əliyev doğurmuşdur.

Açığını deyim ki, Azərbaycanı Fransaya, sözün əsl mənasında, Heydər Əliyev tanıtdı. Onun Fransaya səfərinə qədər bizim ölkədəki ermənipərəst qüvvələr Azərbaycan əleyhinə təbliğatları ilə müəyyən məqsədlərə çatmağa çalışırdılar. Doğrudur, dövlət səviyyəsində buna məhəl qoyulmurdu, ancaq görünür ki, məsələyə məhəl qoymamaqla iş bitmirmiş. Əslində, ideoloji mübarizə gərək imiş. Zati-aliləri prezident Heydər Əliyevin Fransaya səfəri hadisələri öz məcrasına yönəltdi. Onun bizim ölkədəki çıxışları, verdiyi bəyanatlar Azərbaycanın siyasətini və regiondakı siyasi vəziyyəti düzgün qiymətləndirməyə imkan yaratdı. Azərbaycan Fransa üçün daha anlaşıqlı, daha yaxın oldu. İndi Fransadakı erməni azlığı bilir ki, qarşıdurma mənasızdır, ərazi dəyişikliyi baş tutan sövdə deyildir.

Uzun müddət Azərbaycanda yaşayan diplomat kimi mən ölkənizin artıq tərəqqi yoluna çıxdığının şahidiyəm. Prezident Heydər Əliyevin müəyyənləşdirdiyi bu yol Azərbaycanı xoşbəxt həyata qovuşduracaqdır. Yeri gəlmişkən, bir müqayisə aparmaq istəyirəm: Fransanın müharibədən sonrakı dirçəlişini, onun tərəqqisini Şarl de Qollun adı ilə bağlayırlar. Azərbaycanda da Heydər Əliyevin şəxsiyyətinə böyük ümid bəsləyirlər. Onu millətin xilaskarı adlandıranlar heç də səhv etmirlər.

Tarix görkəmli şəxsiyyətlərə həmişə ehtiyac duymuşdur. Ona güclü liderlər həmişə lazımdır. Eləcə də bütün xalqlara. Ölkənin vəziyyəti nə qədər mürəkkəb olarsa, güclü şəxsiyyətlərə ehtiyac da bir o qədər çox olur. Əlbəttə, belə şəxsiyyətlərin qəbul edilməsi də mürəkkəb prosesdir. Onları hamı birmənalı qəbul etmir. Belə şəxsiyyətlərin öz layiqli qiymətlərini alması üçün bəzən illər lazım gəlir. Yadınızdadırsa, Şarl de Qollun fəaliyyətini heç də hamı bəyənmirdi. Lakin o, ölkəni böhran vəziyyətindən çıxara və layiq olduğu nüfuzu qazana bildi.

Azərbaycanın indiki vəziyyətini Fransanın həmin ağır günləri ilə müqayisə etmək olar. Xalqın Heydər Əliyevi hakimiyyətə gətirməsində təəccüblü heç nə yoxdur. O, şübhəsiz, güclü şəxsiyyətdir. Zəngin təcrübəsi olan dövlət xadimidir, çox ağıllı siyasətçidir, sözün qısası, ölkəni böhrandan çıxarmağa qadirdir. Mən buna əminəm.