İrina Qolubeva

Ukrayna Qadınları Milli Şurasının sədri

1997-ci ilin martında prezident Heydər Əliyevin Ukraynaya ilk dövlət səfəri oldu. O vaxt mən Kiyev şəhər icra hakimiyyəti başçısının müavini idim. Heydər Əliyev səfər çərçivəsində Kiyev meriyasında da oldu. Lakin mənim Heydər Əliyevlə şəxsi tanışlığım Bələdiyyə idarəsinin sütunlu salonunda oldu.

Bir neçə il sonra 2001-ci ilin sentyabrında mənə Ukrayna nümayəndə heyətinin tərkibində Bakıya gəlmək nəsib oldu. Biz Azərbaycan paytaxtına GUAM üzvü olan ölkələrin qadınlarının I Forumunda iştirak etməyə gəlmişdik.

Məlum olduğu kimi GUAM çərçivəsində qadın təşkilatı yaradılması təşəbbüsü Heydər Əliyevə məxsusdur. Zənnimcə, bu qadın və ailə problemlərinə, cəmiyyətdə qadınların rolunun artırılmasına, onlara kişilərlə bərabər hüquq bərabərliyi statusu verilməsi məsələsinə dövlət başçısının xüsusi diqqət yetirməsinin daha bir bariz təzahürüdür.

Bakıya səfərimiz çərçivəsində Forum iştirakçılarının Heydər Əliyevlə unudulmaz görüşü oldu. Düşünürdüm ki, görüş qısa olacaq, protokol xarakteri daşıyacaq. Lakin mühüm, aktual mövzularda söhbət düz iki saat çəkdi. Heydər Əliyev görüş iştirakçılarının hər birinə söz verdi, onları diqqətlə dinlədi. Heydər Əliyevin ünsiyyətdə sadəliyi, xeyirxahlığı və incə yumor hissi bizi ruhlandırdı və biz öz planlarımız, layihələrimiz barədə fikirlərimizi onunla bölüşdük.

Heydər Əliyevlə tanış olandan sonra mən onun xalq arasında nə üçün belə böyük nüfuz sahibi olmasının, belə sevilməsinin səbəbini anladm. Çünki O, Azərbaycan millətinin xeyirxahlıq, ürək genişliyi, mərdlik, qadınlara hörmət, güclü haqq-ədalət hissi, xəyanətə və saxtakarlığa nifrət kimi ən yaxşı xüsusiyyətlərini özündə təcəssüm etdirən dahi şəxsiyətdir.

Onun xanımı və ömür-gün dostu Zərifə Əziz qızına bəslədiyi diqqətli münasibət məndə xüsusi hörmət hissi doğurdu. Heydər Əliyev ona bütün ömrü boyu sadiq qalmışdır.

Belə insan heç vaxt, heç bir şəraitdə nə xidmət etdiyi işə, nə xalqına, nə də ölkəsinə xəyanat etməz!