Dmitri Qnatyuk

SSRİ Xalq artisti

Mənim azərbaycanlılarla tanışlığım təkcə müğənnilərlə məhdudlaşmırdı. Siyasi xadim Heydər Əlirza oğlu Əliyevlə tanışlığım da bu qəbildən idi. Bu tanışlıq Moskvada Əliyevin apardığı böyük ziyafətdə olmuşdu. Cavan və yaraşıqlı bu insan parlaq nitqi ilə məndə unudulmaz təəssürat buraxdı. Biz onunla 1970-ci illərdə, Azərbaycanda Ukrayna incəsənəti və ədəbiyyatı ongünlüyü keçirilərkən yaxından tanış olduq. O zaman Heydər Əlirza oğlu Azərbaycan KP MK-nın birinci katibi idi və bizi ən əziz qonaqları kimi qəbul edirdi.

O, respublikanın rəhbəri olsa da bunu bizə hiss elətdirmir, tay-tuş, yaxın dost münasibəti göstərirdi. Moskvadan sonra onun məndə buraxdığı ilk parlaq təəssürat tamamilə özünü doğrultdu. Onun davranışında sünilik yox idi, hər şey ürəkdən gəlirdi. Məhz Heydər Əliyevin sayəsində ongünlüyün ab-havası o qədər dostcasına, şən və xoş oldu ki, biz özümüzü azərbaycanlılarla doğma adamlar kimi hiss etdik. Oxuyurduq, rəqs edirdik, incəsənət bizi doğmalaşdırırdı. Bu sənət bizə yaxın idi, biz onları, onlar da bizi başa düşürdü, bir-birimizə bənzəyirdik, bu dahi insan isə mədəniyyətlərin birliyinin təcəssümü idi.

Sonralar, üç çağırış SSRİ Ali Sovetinin deputatı olarkən mən Heydər Əlirza oğlu ilə tez-tez görüşürdüm və məndə belə bir hiss oyanırdı ki, sanki biz dostuq. Heydər Əliyevin sənət adamlarına xoş münasibətini görəndə ona hörmətim qat-qat artırdı. Onun Rəşid Behbudov barədə nə qədər gözəl sözlər dediyini, gənc Müslüm Maqomayev haqqında atalıq qayğısı ilə, xüsusi səmimiyyətlə danışdığını dəfələrlə eşitmişəm. Bu cür insanların hətta təkcə mənəvi cəhətdən də olsa, dəstək verməsi sənət adamları üçün çox əhəmiyyətlidir.

İndi Heydər Əlirza oğlu Əliyev suveren ölkə olan Azərbaycanın prezidentidir. Bu vəzifədə onun geniş miqyaslı rəhbər, diplomat, dövlətin taleyi üçün böyük məsuliyyət hiss edən insan kimi parlaq və misilsiz istedadı özünü tam şəkildə büruzə verir.

Mənə Müslüm Maqomayevin yubileyi ilə əlaqədar şənliklərə dəvət edilərkən bu gözəl insanla yenidən görüşmə səadəti nəsib oldu.

Heydər Əlirza oğlu Əliyevin bu bayrama səmimilik xeyirxahlıq ab-havası gətirmək, yubilyar müğənniyə – öz xalqının mədəniyyətinə böyük töhfə vermiş insana hörmətini çox gözəl ifadə etmək bacarığı məni yenə də heyran etdi.