Devid Vudvord

“bp Azərbaycan” şirkətinin keçmiş prezidenti

Bizim burada etibarlı, etimadlı sərmayə qoymağımızın əsas və öncül səbəbi Sizin 6 illik rəhbərliyiniz nəticəsində Azərbaycanda sülh və sabitliyin təmin olunması ilə bağlıdır. Bu qədər əhəmiyyətli uğurlar məhz Sizin uzaqgörən rəhbərliyinizin nəticəsi olaraq gerçəkləşə bilmişdir. Həqiqətən də, bu gün ölkənin neft və qaz sənayesinin inkişafında yeni, əlamətdar bir mərhələnin təcəssümü olaraq xüsusi önəm daşıyır. Elə bir mərhələnin ki, bu, Azərbaycanın təbii ehtiyatlarından onun xalqının və ümumən bölgənin işıqlı sabahı naminə istifadə edilməsi ilə bağlı uzaqgörən baxışlarınızı gerçəkliyə çevirəcəkdir. Sizin dəyərli rəhbərliyinizdən faydalanan daha bir mühüm təşəbbüs, yəni Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsi ilə bağlı mühüm irəliləyiş müşahidə olunur. Layihə bu il yüksək göstəricilərə nail olmuşdur və hər üç ölkədə qrafikə tam uyğun həyata keçirilməkdədir. Nazirlər Kabinetinin 7 aprel tarixli qərarına uyğun olaraq, torpaq kompensasiyalarının ödənilməsi prosesinə başlanmışdır ki, bu da iyun ayında başa çatacaqdır. Eyni zamanda, artıq hər üç ölkədə layihənin inşaat mərhələsi başlamışdır. BTC layihəsi yalnız Azərbaycan neftinin dünya bazarına ixrac edilməsinə mühüm töhfə olaraq qalmayacaqdır. Bu, eyni zamanda bölgədə iqtisadi inkişafı sürətləndirəcək, regional sülh və təhlükəsizlik məsələləri üçün əhəmiyyət daşıyan müttəfiqlik əlaqələrini daha da möhkəmləndirəcəkdir. Bilirəm ki, bunlar Sizin qəlbən önəm verdiyiniz məsələlərdir. Sizin davamlı dəstəyinizlə biz bölgədə dünya səviyyəsinə cavab verən biznes təcrübəsi yaradırıq və inanıram ki, sıx əməkdaşlığımız şəraitində biz bütün məqsədlərimizə nail olmağa tam hazırıq. Qəti əminik ki, bu layihələr Azərbaycanı qlobal enerji bazarının aparıcı qüvvəsinə çevirməklə bağlı Sizin uzaqgörənliklə yaşatdığınız ideyanıza mühüm bir töhfə olacaq və ölkəyə sərmayə qoyuluşları axınına əhəmiyyətli dərəcədə yol açacaqdır. Azərbaycan, onun xalqı və tərəfdaşları üçün bu gözəl gündə, bu fərəhli anlarda Sizə cansağlığı, xalqınızın və bölgənin xoşbəxtliyi və inkişafı naminə həyata keçirdiyiniz yorulmaz işlərinizdə, tükənməz fəaliyyətinizdə sonsuz uğurlar arzulayıram.