Çin ilə Azərbaycan arasında coğrafi baxımdan xeyli məsafə olsa da, ölkələrimiz arasında iki min ilə yaxındır ki, qarşılıqlı münasibətlər, əməkdaşlıq əlaqələri var. Bugünkü münasibətlər də tarixi ənənələrə əsaslanır. Müasir tarixə baxanda isə görərik ki, hələ 1950-60-cı illərdə iki ölkənin nümayəndələri, o cümlədən incəsənət ustaları bir-birinə gedib gəlirdi. Tanınmış müğənni Rəşid Behbudovun konsertləri Çində böyük rəğbətlə qarşılanırdı. İkinci Dünya müharibəsi zamanı bir çox azərbaycanlı Çin torpağında ümumi düşmənə qarşı vuruşmuşdur. Çin Xalq Respublikasının qurulduğu illərdə bir çox azərbaycanlı iqtisadçı, mühəndis, digər sahələr üzrə mütəxəssislər bizim ölkəmizdə işləmişlər. Bütün bunlar bizi daha da yaxınlaşdırıb və bugünkü münasibətlərimizə kömək edir.
Bakı ilə Pekin arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti Heydər Əliyevin xüsusi xidmətləri var. Cənab Heydər Əliyev Çin xalqı arasında böyük nüfuza malikdir. Hələ 1980-ci illərdə Heydər Əliyev keçmiş SSRİ-nin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən başqa bir dövr, başqa şərait olsa da O, sovet rəhbərləri arasında Çinlə münasibətlərin qaydaya salınmasına çalışan ilk şəxslərdən biri olmuşdur. O, Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra da Çinlə əlaqələrə həmişə xüsusi diqqət vermişdir.
1994-cü ilin mart ayında Azərbaycan Prezidenti Heydər Əliyevin Çinə tarixi səfəri oldu. Səfər zamanı çox böyük işlər görüldü, ikitərəfli münasibətlərə dair 7 sənəd imzalandı. İndiyədək imzalanan və siyasi, iqtisadi və digər sahələri əhatə edən sənədlərin sayı isə 30-u keçmişdir. Bu, əməkdaşlığın inkişafı üçün çox əlverişli hüquqi baza yaradır.
Xalqlarımz, ölkələrimiz arasında milli maraqlarımıza dair məsələlərdə qarşılıqlı anlaşma var. Bu, ilk növbədə, hər bir ölkənin öz seçiminə hörmətlə yanaşması prinsipidir. İkincisi, iki ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü məsələsidir. Biz Azərbaycanın Tayvan məsələsində və digər sahələrdə Çinin mövqeyini dəstəklədiyini bilirik və bunu yüksək qiymətləndiririk. Biz də Azərbaycana eyni dəstəyi göstərməyə çalışırıq. Üçüncüsü, iki ölkənin rəhbərləri arasında da çox gözəl münasibətlər yaranmışdır. Müxtəlif səviyyədə qarşılıqlı səfərlər təşkil edilmişdir. Bütün bunlar imkan verir ki, siyasi münasibətlərdə sanballı uğurlar olduğunu deyək. Ölkələrimizin rəhbərlərinin göstərişlərinə uyğun olaraq, əlaqələri daha da inkişaf etdirməyə çalışacağıq.
Bir məqamı da xatırlatmaq istərdim. May ayında SARS virusunun yayılması ilə əlaqədar Çində ağır vəziyyət yaranmışdı. O vaxt cənab Heydər Əliyevin teleqramı əhalimiz arasında böyük əks-səda doğurdu, azərbaycanlıların da bizim yanımızda olduğunu hiss etdik. Bir sözlə, Çin–Azərbaycan əlaqələrinin inkişafında prezident Heydər Əliyevin çox böyük xidmətləri var.