Heydər Əliyevlə mən 1972-ci ildən, Bakıya 4-cü ümumqoşun ordusunun diviziya komandiri vəzifəsinə gəldiyim vaxtdan tanış idim. Xidməti vəzifəmlə əlaqədar Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə təqdim edildim. O məni qəbul edərək, respublikada vəziyyətdən, həyata keçirilən işlərdən danışdı. O vaxt respublika yenicə dirçəlməyə başlayırdı. Heydər Əliyevin rəhbərliyi ilə çox böyük miqyasda inşaat işləri görülür, zavodlar, fabriklər tikilir, neft-qaz sənayesi infrastrukturunun əsası qoyulurdu, bir sıra digər müəssisələr meydana gəlmişdi. Heydər Əliyev bütün qüvvə və bacarığını respublikanın yüksəlişinə yönəldirdi. O buna nail oldu. Demək olar ki, bütün quruculuq prosesləri onun adı ilə bağlıdır.
Heydər Əliyevlə ilk ünsiyyətdən sonra başa düşdüm ki, bu insanın yanına gedəndə görüşə ciddi hazırlaşmaq lazımdır. Ona hər hansı bir məsələ barədə elə-belə danışmaq olmazdı, hər şey konkret, dəqiq, əyani və aydın olmalı idi. Onun özü də belə danışırdı. O, çox böyük iş qabiliyyətinə malik, çox diqqətcil insan idi, təkcə respublikanın təsərrüfatı ilə bağlı məsələlərə deyil, hərbi məsələlərdə və xüsusən xarici siyasət məsələlərində də çox savadlı və səriştəli idi. Bir sözlə, demək istəyirəm ki, O, qeyri-adi insan, işini bilən, sözünün sahibi olan, ağlasığmaz dərəcədə əməksevər insan idi. Mən bunu sonralar dəfələrlə yəqin etdim. KP MK Bürosunun üzvü kimi hər həftə keçirilən iclaslarda respublikanın inkişafi ilə bağlı məsələlərin necə müzakirə edildiyini görürdüm: O hər bir məsələnin təfərrüatına varır, vəziyyəti araşdırıb öyrənir, bütün məsələlərin incəliklərini bilirdi.
Qeyd etmək istərdim ki, O, qoşunlarda işlərin necə getməsi ilə daim maraqlanırdı, hərbçilər onun qayğı və diqqətini həmişə hiss edirdilər. Biz çoxlu təlimlər keçirirdik, Sovet İttifaqının müdafiə naziri Ustinov və Baş Qərargahın rəisi marşal Oqarkov onlardan birinin gedişini izləmək üçün Bakıya gəlmişdilər. Yeri gəlmişkən, onlar qoşunlarımızın döyüş hazırlığını yüksək qiymətləndirdilər. Heydər Əliyev qoşunların lazımi şəraitinin olmasına, zabitlərin mənzillə təmin edilməsinə və digər mühüm məsələlərə böyük diqqət yetirirdi. O, orduda yüksək nüfuza malik idi.
Heydər Əliyev şəxsən mənim həyatımda da mühüm rol oynamışdır. Onun nadir insani keyfiyyətlərini əyani şəkildə göstərən kiçik bir fraqmenti danışmaq istəyirəm. Hər yerdəki kimi, orduda da müxtəlif adamlar, onların arasında isə paxıllar, kiməsə ədavət, kin-küdurat bəsləyənlər, kimisə dolaşdırmaq istəyənlər olur. Mən Bakıda olarkən, sələfim general Kirilyuk mənim əleyhimə kampaniyaya başlamışdı: göstərmək istəyirdi ki, əvvəllər ona tapşırılmış işin öhdəsindən başqa birisi gəlməyə qadir deyildir. Mənə üzdə bir şey deyirdi, gedəndən sonra rəhbərliyə isə başqa şeylər söyləyirdi. İş o yerə çatdı ki, mənim başqa yerə göndərilməyim barədə məsələ qaldırıldı. Mən hətta yeni vəzifəyə keçməyə razılıq verməyə məcbur oldum. Demə, Heydər Əliyev mənim barəmdə başqa cür fikirləşirmiş. Onda ətraflı məlumat vardı. Məlum oldu ki, O, mənim haqqımda İttifaqın müdafiə nazirinə məlumat vermiş və mənə dəyməməyi xahiş etmişdir. Heydər Əliyevin bu alicənablığından sonra, yalnız O, Moskvaya, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə getdikdən sonra xəbər tutdum. O gedərkən Büronun bütün üzvlərini çağırıb söhbət etdi. Növbə mənə çatanda, adəti üzrə, vəziyyət barədə ona məlumat verdim. Məndən soruşdu ki, onun yeni təyinatına necə baxıram. Cavab verib dedim: “Heydər Əliyev, Sovet İttifaqının rəhbərlərindən biri olmaq şəxsən Sizə, Azərbaycan xalqına böyük etimaddır. Sizdə bu vəzifə üçün tələb olunan bütün keyfiyyətlər var. Siz fitri istedada, zəngin təcrübəyə, dərin biliyə, siyasi müdrikliyə, yüksək zəkaya, uzaqgörənliyə maliksiniz” Heydər Əliyev bir az düşünüb soruşdu: “Bəli, belədir, amma mən burada kiməm?” Cavab verdim: “Birinci şəxssiniz”. O isə yenidən soruşdu: “Bəs, orada kiməm?” Görünür, O artıq onda bilirdi ki, çox mürəkkəb bir şəraitə düşəcəkdir. Sonralar baş vermiş hadisələri sanki qabaqcadan gördüyü üçün respublikadan getməyi çox da istəmirdi. Lakin onda da dövlət qarşısında borcunu yerinə yetirməyi üstün tutdu. Axırda Heydər Əliyev ondan inciyib-incimədiyimi soruşdu. Bu suala çox təəccübləndim. Dedim ki, Siz mənə çox yaxşılıqlar etmisiniz və mənim üçün olduqca dəyərli insansınız. Demə, bu sualı elə-belə vermirmiş, düşünürmüş ki, mən Moskvada işləmək istəmişəm, amma buraya, Azərbaycana gəlib çıxmışam. Mən cavab verdim ki, Moskvaya getmək istəmirdim. Məni oraya getməyə, sadəcə olaraq, məcbur edirdilər.
Bax, elə orada danışdı ki, bunu bilirdi və Ustinovdan bir neçə dəfə xahiş etmişdi ki, mənə dəyib-toxunmasınlar. O dedi: “Buna görə sən məndən inciyə də bilərsən, inciməyə də. Sənin Moskvaya getməməyinin, burada qalmağının təqsirkarı mənəm”. Mən ona özünün sözləri ilə cavab verdim: “Mən burada kiməm? Birinci hərbçi. Bəs, orada kiməm? Mən orada heç kiməm.”
Yadımdadır, O istəyirdi ki, Büro üzvü kimi mən rayonlara gedim, orada görülən işlərlə tanış olum. Mənə qabaqcıllara mükafatlar təqdim etməyi tapşırırdı. Mən Azərbaycanın bütün rayonlarını gəzib-dolaşdım. Onunla birlikdə İsmayıllı rayonunda təbii fəlakət zonasında olduq. O mənə zəng vurub dedi ki, oraya çadırlar lazımdır. Bildirdim ki, bizdə çadırlar var, amma toxunulmaz ehtiyatdadır: Biz onun təkidi ilə müdafiə nazirinin arxa məsələləri üzrə müavini Kurkotkino zəng vurduq, vəziyyəti dedik. Sonra isə biz birlikdə təbii fəlakət zonasına getdik və rayonu lazım olan hər şeylə təmin etdik. Şəxsən Heydər Əliyev o vaxt İsmayıllı rayonunda çox işlər gördü.
Heydər Əliyevlə bağlı bir məqamı təbəssümlə xatırlayıram. Bir dəfə İraqdan bizə nümayəndə heyəti gəlmişdi. Mən onlarla təlim keçirdim. Heydər Əliyevi, Azərbaycan KP MK Bürosunun və respublika hökumətinin üzvlərini təlimlərə dəvət etdim. Kosmonavt Pavel Popoviçin həyat yoldaşı Marina Popoviç də bu tədbirə gəlmək istədiyini bildirdi. Təyyarəçi, idmançı olan Marina Popoviç Bakıda zabitlərə mühazirə oxuyurdu. Dedim ki, Heydər Əliyev də orada olacaq, buna görə də səni oraya buraxmaq olmaz. Lakin o dediyindən dönmədi və xahiş etdi ki, orada qalmasına icazə versinlər. Hətta söz verdi ki, orada olmasının səbəbini Heydər Əliyevə özü danışacaqdır.
Xatirimdədir, Heydər Əliyev maşından çıxdı və məni qadınla gördü. Deyəsən, fikirləşdi ki, həyasızlığa bax, həyat yoldaşını belə bir tədbirə gətiribdir. O, üz-gözünü turşutdu. Mən yaxınlaşıb vəziyyət barədə məlumat verdim, elə bu an Marina Popoviç ona yaxınlaşıb, əlini uzatdı və özünü təqdim etdi: polkovnik Popoviç. Bunu eşidən kimi Heydər Əliyev gülərək dedi: “Mən sizin haqqınızda çox eşitmişəm, amma birinci dəfədir görürəm”. Heydər Əliyev onu bağrına basdı, öpüb qoluna girdi, məşğələnin davam etdiyi bütün üç saat ərzində özü ilə gəzdirdi. Sonda bir daha demək istəyirəm, bəlkə də, təkrar edirəm, Heydər Əliyev bir rəhbər kimi, özü də ciddi, bütün təfərrüata dərindən varan rəhbər kimi xüsusi istedada malik idi. Bəzən özüm-özümdən soruşuram: “Hə, yaxşı, mən onun nəyiyəm? Mənim kimilər o qədərdir ki… ” Amma O, dar günümdə imdadıma çatdı, məni böhtanlardan, dedi-qodulardan qorudu. Axı, müdafiə nazirindən, illah da ki, Stalinin xalq komissarı olmuş Ustinov kimi qəliz adamdan nə isə xahiş etmək hər kəsin işi deyildi. Lakin Heydər Əliyev mənim taleyimə biganə qalmağı özünə rəva görmədi. Bilirdi ki, məni heç nədən, əsassız olaraq incidirlər. Kimi isə müdafiə etmək üçün möhkəm iradə və insanlıq gərəkdir. O belə məsələləri həll etməyi özünə borc bilirdi. Heydər Əliyev hər bir konkret halda məsələni araşdırır, insanlara kömək edirdi. Onun müdafiə etdiyi, dəstəklədiyi, kömək göstərdiyi adamları çox görmüşəm, O heç kimin taleyinə biganə qalmırdı. Bax, bu baxımdan da, o, qeyri-adi, nadir insan idi. Səhlənkarlığa heç vaxt yol verməzdi, özünə qarşı da son dərəcə tələbkar idi, hamıdan da dəqiqlik, nizam-intizam, mənəvi paklıq tələb edirdi.