Nikolay Balatski

Kiyev metropoliteninin keçmiş direktoru

Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən bir sıra digər məsələlərlə yanaşı, nəqliyyatın da işinə kuratorluq edirdi. Mən isə on il yarım Kiyev şəhər partiya komitəsinin nəqliyyat və rabitə şöbəsinə başçılıq etməli olmuşam.

Dəmir yolu ilə daşınmalarda, ələlxüsus da ilin sonunda hər bir müəssisə illik tapşırığı yerinə yetirmək üçün yükü daha tez göndərməyə çalışanda böyük çətinliklər meydana çıxırdı. O zaman yükləri vaxtında göndərmək, kiçik müəssisələrdən tutmuş nəhəng müəssisələrədək hər bir rəhbər işçi üçün ciddi tələb idi.

Bax elə həmin məsuliyyətli məqamlarda, çox gərgin qış aylarında daşınmaların təmin edilməsi məsələlərini məhz Heydər Əliyev öz üzərinə götürürdü. Heydər Əliyevin ucsuz-bucaqsız SSRİ ərazisində keçirdiyi selektor müşavirələri bir tərəfdən, həddindən artıq çətin şəraitdə mütəşəkkilliyin nümunəsi, digər tərəfdən isə gənc partiya, təsərrüfat işçiləri üçün mürəkkəb vəzifələrin həlli baxımından yaxşı təşkilatçılıq məktəbi idi.

Bunu da deməyə bilmərəm ki, Heydər Əlirza oğlu heç vaxt nə cüzi kobudluğa, nə də əsəb gərginliyi yaranmasına yol verirdi. Belə mürəkkəb şəraitdə kiminsə vəzifədən kənarlaşdırıldığını xatırlamıram. Hər şey bu məsələdə işlərin nə vəziyyətdə olduğunu dərindən bilməyə, icraçı kadrlara etibara və əlbəttə ki, ilk növbədə, Heydər Əlirza oğlunun böyük nüfuzuna əsaslanırdı.

Mənə 2002-ci ilin noyabrında Bakı Metropoliteninin 35 illiyi münasibətilə keçirilən təntənələrdə Kiyev Metropoliteni kollektivi adından iştirak və çıxış etmək nəsib olmuşdu. Bizi –  MDB ölkələri metropolitenlərinin bir çox kollektivlərinin nümayəndələrini, Prezidentin təntənəli iclasda və konsertdə iştirakından, bizimlə şəxsən söhbət etməsindən tutmuş, Bakı Metropoliteninin və Metro Tikintisi İdarəsi kollektivlərinin işindən xəbərdar olmasına qədər hər şey heyran etdi. Heydər Əlirza oğlu bir saatdan çox davam edən çıxışında çoxlu rəqəmlər misal gətirdi, onlarca metropoliten işçisinin soyadını “sinədəftər” çəkdi.