Yəhya Daşdələn

Azərbaycan Lobbi Klubunun keçmiş sədri

Prezidentimizin dəvəti ilə Bakıya səfərim mənə Vətənimizlə əlaqədar cərəyan edən daxili və xarici hadisələri təhlil süzgəcindən keçirmək və gerçəklikləri gözlərimlə görmək bəxtiyarlığını vermişdir.

Azərbaycanın vəziyyətini anlamaq bizim üçün olduqca vacib məsələdir. Allaha şükür ki, son bir ildən bəri prezident Heydər Əliyev xalqımızın çöhrəsini güldürmüş, insanlarımıza güvən və ümid gətirmiş, dövlətimiz yoxdan var olmuş, cəmiyyat daha yaxşı düşünən, vicdanının səsini dinləyən toplum halına gələrək əmin-amanlıqla yaşamaq şansı əldə etmişdir. Prezident Heydər Əliyevin dünyanın da diqqətini çəkən ictimai-siyasi fəaliyyəti Azərbaycan xalqının böyük dəstəyini qazanmışdır.

Tanrıya şükürlər olsun ki, alternativi olmayan prezident Heydər Əliyev dövlətimizin sükanını, nəhayət ki, öz qüdrətli əllərinə aldı. Bu gün prezident Heydər Əliyev ilə xalq arasında həmişəkindən daha artıq bağlılıq meydana gəlmişdir.

Azərbaycanda olduğum müddətdə xalqımızı daha fəal və daha rasional düşünən, siyasəti daha artıq mənimsəmiş bir halda gördüm. Heydər Əliyev iqtidarının məmləkətimizi dünyanın qabaqcıl ölkələri səviyyəsinə çıxaracağına qəti əminəm. Mən Bakıda olduğum günlərdə hiss etdim ki, prezident Heydər Əliyev və onun irəliyə yönəlmiş düşüncə və siyasəti dövlət idarəçiliyində sağlam ab-hava yaradacaq. Azərbaycanı qüdrətli bir ölkəyə çevirəcəkdir. Məndəki qənaət budur ki, xalqımız indi hər şeydən öncə, dövlətinə və hakimiyyətdəki iqtidara ürəkdan inanır. Gəldiyim daha bir qənaət budur ki, prezident Heydər Əliyev millətin tarixi-siyasi idrakını və takamülünü bir filosof kimi detallarına qədər çox yaxşı bildiyi üçün onun bütün qərarları fəaliyyət proqramı kimi qəbul olunur.

Bakıda gördüm ki, hökumətin verdiyi bütün qərarlar prezident Heydər Əliyevin sayəsində məntiq qanunlarını əsas tutur. Azərbaycan Respublikasının dövlət siyasəti dünyada sülhün bərqərar edilməsinə və qorunmasına istinad etməkdədir. Bu siyasətin təməlini başqalarının daxili işlərinə qarışmadan barış içində birgə yaşayış prinsipi təşkil edir. Heydər Əliyev Azərbaycanın xarici siyasətini qonşu dövlətlərin daxili siyasətinə hörmət və ehtiram prinsipi üzərində qura bilmişdir. Fikrimi bir nümunə ilə təsdiqləmək istəyirəm: Hələ utopiya və romantizmdən başqa bir dəyəri olmayan və qonşularımızı hürküdən “Vahid Azərbaycan” ifadəsinin ortaya çıxardığı sıxıntılar unudulmayıb. Prezident Heydər Əliyev özündən əvvəlki səriştəsiz rəhbərlərin bu cür xətalarını islah etmək üçün min bir əziyyət çəkməkdədir. Səlahiyyətli siyasət adamının ağzından çıxan hər söz bir daha geri qayıtmaz və ölkənin başına çox bəlalar açar. Prezidentimizin çəkdiyi bu keçici sıxıntılar Azərbaycanın siyasi tarixinə qızıl hərflərlə yazılacaq və sonda Azərbaycan xalqı bunun bəhrəsini görəcəkdir.

Təbiətin bütün canlıları kimi, böyük şəxsiyyətlər də təsadüfən mövcud olmurlar. Onları yetişdirən bir çevrə, bir mühit vardır. Azərbaycanda tarix boyunca bir sıra şəxsiyyətlər yetişmişdir. Elə bunlardan biri də son 70 ilin yetişdirdiyi böyük simaların ilk sırasında duran cənab Heydər Əliyevdir. Heydər Əliyev böyük liderliyini böyük Atatürk kimi bitib-tükənmək bilməyən millət qaynağından almışdır. Bir gün olacaqdır ki, Asiya qitəsində Heydər Əliyevin bir müqəddəs həyəcan bayrağı kimi dalğalandığını bizdən sonrakı nəsillər görəcəkdir.

Tarixi şəxsiyyətlər xalqın onlardan gözlədikləri bir çox şeyləri qəlblərində daşıyırlar. Heydər Əliyev də tarixi siması ilə xalqına olan xidmətlərini xalq ondan istəmədən, təmənnasız vermişdir.

Azərbaycanın da Atatürkü olan övladı vardır. Bu övlad və ata – ömrünü Azərbaycana xidmət eşqi ilə sürüb gedən, özü üçün heç bir umacağı, təmənnası olmayan, insanlığa xidmət naminə gündə 18-20 saat işləyən, ölkəsinin unitar və demokratik, müstəqil dövlət olduğunu hamıya qəbul etdirən, sülhsevərliyi, humanistliyi ilə beynəlxalq siyasətin zirvəsinə ucalan Heydər Əliyevdir.

Heydər Əliyev hazırda sivilizasiya uğrunda mübarizə aparmaqdadır. Azərbaycanın bugünkü müharibəsi, insanlığın mənfəəti və Şərq millətlərinin xoşbəxtliyi üçündür. Heydər Əliyev insanları xoşbəxt etmək üçün onları bir-birinə yaxınlaşdırmaq arzusundadır. Heydər Əliyev, eynilə Atatürk kimi, nə ideoloji, nə də mənfi fikirləri yerləşdirmək məqsədində, amalında deyildir. Atatürk demokratiyanı mənimsəmiş və zorakılığa qarşı çıxmışdır. Prezident Heydər Əliyev də eyni yoldadır, dövləti qorumaq üçün gördüyü hüquqi tədbirlərin zorakılıqla əlaqəsi yoxdur. Heydər Əliyev eynən Atatürk kimi, doktrinaçılıq olayından uzaq olub, demokratiya tərəfdarıdır.

Heydər Əliyev xalq qarşısında özünü məsuliyyətli hesab edir. Atatürk kimi, o da etinasız idarəçiliyin qarşısını almaqdadır. Heydər Əliyev “hər şeyi mən bilirəm” iddiasında deyildir. Bütün qərarlarını millətlə ortaq şəkildə almaq səyində bulunur.

Heydər Əliyev bütün dünya qarşısında siyasi anlayışının hesabını açıqca ortaya qoya bilməkdədir. Atatürk kimi, O da millətin bütünlüyü və azadlığı üçün qurtuluş savaşı verməkdədir. Hökumətin və hakimiyyətin millətin bir parçası olduğunu qətiyyətlə ifadə etməkdədir.

Heydər Əliyev Atatürk kimi beynəlmiləlçidir, fundamentalist deyildir. Heydər Əliyev Azərbaycanda demokratiyanın həm ideoloqu, həm təşkilatçısı və həm də icraçısıdır. Görüntü budur və buna qətiyyətlə inanmaq lazımdır ki, prezident Heydər Əliyevin heç bir zaman alternativi yoxdur.