Vitali Jolobov

təyyarəçi-kosmonavt, “Slava” Ümum-Ukrayna Birliyinin və Ukrayna Aerokosmik Cəmiyyətinin keçmiş prezidenti

Əliyevlərin mehriban ailəsinin qonaqpərvərliyi yaddaşıma həmişəlik həkk olunmuşdur. Xoşbəxtəm ki, mən bu ailənin qonağı olmuşam. Zərifə xanımın da, gözəl övladlarının da ailənin başçısına necə böyük hörmət və ehtiramla yanaşdıqları diqqətimi cəlb etmişdi.

Başqa görüşlər də olurdu. Ukrayna Prezidenti Leonid Kuçmanın 1995-ci ildə Azərbaycana rəsmi səfəri zamanı nümayəndə heyətində mən də vardım. Biz sağollaşıb ayrılarkən Heydər Əliyev mənə yaxınlaşıb bağrına basaraq mehribancasına soruşdu: “Bir de görüm, buraya niyə gəlmirsən?” İnanın, bu sözləri eşitmək mənim üçün son dərəcə xoş idi, bu sözlərdən kövrəldim. Deməli, bir insan və bir kosmonavt kimi məni unutmayıblar.

Mən cənab Heydər Əliyev ilə 1997-ci ildə, onun Ukraynaya tarixi səfəri zamanı da görüşdüm. Amma bu dəfə görüşdə Azərbaycan diasporu nümayəndə heyətinin üzvü kimi iştirak edirdim.

Yer kürəsi ixtilaflar və müharibələr üçün çox balacadır, ona görə də insanlar həyatın qədir-qiymətini bilməlidirlər. Heydər Əliyev öz yüksək nüfuzu və zəngin təcrübəsi ilə qırğını dayandırmağa müvəffəq oldu, indi də Ermənistan–Azərbaycan münaqişəsini, ancaq siyasi yolla həll etməyə çalışır.