Mən və həyat yoldaşım görkəmli lider, müasir Azərbaycanın banisi Heydər Əliyevin vəfatı xəbərini eşidəndə çox sarsıldıq. Çünki Prezidentin mənim ürəyimdə və ailə üzvlərimin ürəyində xüsusi yeri vardır.
Ötən əsrin 70-ci illərinin əvvəllərində Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası nümayandə heyətinin başçısı kimi Suriyaya səfər etmişdi. Suriya televiziyasının işçisi kimi mən cənab Heydər Əliyevlə görüşüb onun səfəri barədə müsahibə götürdüm. Müsahibənin gedişində Heydər Əliyev məndən soruşdu: “Moskvadan nə istərdin? Müsəlman dostlarından bir şey lazımdırsa, çəkinmədən deyə bilərsən”. Onun belə sadə, həm də səmimi münasibəti məni cəsarətləndirdi və özümün bir problemimin həlli üçün ona müraciət etdim. O vaxtlar mən Suriya vətəndaşı olan, ancaq Moskvada yaşayan bir qızla evlənmək istəyirdim. Lakin müvafiq sovet dairələri qıza Moskvadan Suriyaya gəlməyə icazə vermirdilər. Mən bu problemin həlli üçün Heydər Əliyevə müraciət etdim. O isə gülümsünüb dedi: “Mən elə bilirdim, sənin xahişin böyük bir problem üçün olacaqdır”.
İki həftədən sonra Moskvada viza bölməsindən nişanlıma bildirdilər ki, müvafiq dairələrin onun Suriyaya getməsinə heç bir etirazları yoxdur: Sonralar öyrəndim ki, Heydər Əliyev zəng edib məsələni yoluna qoymuşdur.
Mərhum Prezident o vaxtlar mənim ailə səadətimin bünövrəsini qurdu. Mən, həyat yoldaşım, üç övladım bu köməyinə görə bütün ömrümüz boyu ona minnətdar olacağıq. Biz onu heç vaxt unutmayacağıq.
Mən bununla əlaqədar öz minnətdarlığımı mərhum prezident Heydər Əliyevin ailəsinə çatdırmaq istədim. Lakin bütün cəhdlərim baş tutmadı. Sonra Azərbaycanın Çindəki səfiri – dostum Yaşar Əliyevə müraciət etdim. Səfirə bu işi yoluna qoyduğuna görə təşəkkürümü bildirirəm.
Allahdan Heydər Əliyevə rəhmət diləyirəm, dost Azərbaycanı qoruyub, firavanlıq və tərəqqiyə çatdırmasını arzulayıram
Azərbaycanın yeni Prezidenti İlham Əliyevə böyük uğurlar diləyirəm.