Mən Azərbaycan Prezidenti Heydər Əliyev ilə 1993-cü ilin sonu 1994-cü ilin əvvəllərindəki görüşlərimi həmişə mənayla xatırlayıram. O zaman Heydər Əliyev yenicə hakimiyyətə gəlmişdi.
Naxçıvanda doğulmuş Heydər Əliyev 1982-ci ildə Kremlin ən yuxarı hakimiyyət strukturuna, Siyasi Büroya yüksələn ilk müsəlman idi. Cəmi bir neçə on il əvvəl, kommunist ideologiyasının möhkəm olduğu və slavyan millətçiliyinin tüğyan etmədiyi bir vaxtda Heydər Əliyev gürcülərin Stalini və ukraynalıların N.Xruşovu kimi ən yüksək vəzifəyə qalxa bilərdi.
Lakin 1985-ci ildə Qorbaçov hakimiyyətə gəldikdən və Heydər Əliyev onun dağıdıcı islahatlarına qarşı çıxdıqdan sonra O, 1987-ci ildə Siyasi Bürodan uzaqlaşdırıldı.
Əyilməz siyasətçinin yenidən görünməsi 1990-cı ildə Bakıya sovet ordusunun yeridilməsinə qarşı çıxışı ilə başladı.
Heydər Əliyev 1993-cü ildə Prezident olduqdan sonra böyük əzmlə Qərb liderləri ilə münasibətlər yaratmağa çalışırdı. Ona əhalisinin bir hissəsi ermənilərdən ibarət olan Dağlıq Qarabağ uğrunda Ermənistanla gedən müharibə miras qalmışdır. Qarabağ erməniləri Ermənistanın dəstəyi ilə cənub-qərbi Azərbaycanın çox hissəsini nəzarət altına keçirmişdilər. Heydər Əliyev 1994-cü ildə Ermənistanla atəşkəsə nail ola bildi və bu, hələ də qüvvədədir, tərəflər arasında müharibə getmir. Lakin əhalisi 8 milyon olan Azərbaycanın bir milyondan artıq qaçqını var, ərazisinin 20 faizi Ermənistanın işğalı altında qalmaqdadır. 1995-ci ildə Azərbaycan Respublikasının yeni konstitusiyası qəbul olundu. Ölkənin siyasi həyatında hakim partiya Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasıdır. Azərbaycan MDB-nin, İslam Konfransı Təşkilatının, ATƏT-in və Avropa Surasının üzvüdür. O həm də NATO-ya üzv olmaq istəyir. İraq müharibəsi zamanı Azərbaycan ABŞ-ın tərəfində idi, hazırda isə İraqa əsgərlər göndərmişdir və oradakı bərpa prosesinda iştirak etmək barədə düşünür.
Heydər Əliyev “Millətin atası” kimi tanınır. O, ölkəyə sabitlik gətirib, iqtisadi islahatları işə salıb və nəhəng xarici sərmayələr cəlb edə bilmişdir. Azərbaycan neftini Qərb bazarlarına nəql edəcək Bakı–Tbilisi–Ceyhan kəməri tikilməyə başlayıbdır. Heydər Əliyev siyasət şahmatının ustasıdır. O, məharətli şahmatçı kimi həm ehtiyatlı, həm də qətiyyətli olduğunu dəfələrlə sübut etmişdir.
Heydər Əliyev Qərb ölkələrinin rəhbərləri il görüşlərə çox böyük əhəmiyyət verdi. O, Fransa Prezidenti Fransua Mitteranla, Britaniyanın Baş naziri Con Meycorla, İsrailin, digər ölkələrin liderləri ilə çox səmərəli görüşlər keçirdi, danışıqlar apardı.
Heydər Əliyevin Avropa liderləri ilə görüşləri amerikalılarla birbaşa münasibətlərə yol açdı. Xüsusilə, güclü yəhudi lobbisi ilə yaradılmış münasibətlər Birləşmiş Statlardakı nüfuzlu erməni diasporuna qarşı əks-tədbir görmək baxımından vacib idi. 1994-ci ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi” ilə Heydər Əliyev Qərb ölkələrinə enerji resursları qazandırmaqla “yeni böyük oyun” adlanan siyasətda Qərbi öz tərəfinə çəkə bildi. 1997-ci ildə Birləşmiş Statlara rəsmi səfəri zamanı Heydər Əliyev Bill Klintonla görüşdü, Vaşinqtonda və digər şəhərlərdə ABŞ-ın neft nəhəngləri ilə 10 milyard dollarlıq razılaşmalar imzaladı.
Heydər Əliyevin səylərinin nəticəsi, həqiqətən, valehedici idi. Vaşinqtonda onu ulduz və böyük siyasətçi kimi qarşılayırdılar. 400-dan artıq yüksək rütbəli amerikalı, lobbiçilər, məsləhətçilər, sərmayəçilər, vasitəçilər onun şərəfinə verilmiş qonaqlığa təşrif buyurdu. Cəmi bir neçə ilə Heydər Əliyev ABŞ-ın sevimlisinə çevrildi. Amma bir şey aydındır ki, istənilən sistemda ən yüksək mərtəbəyə çata bilmək üçün liderlik keyfiyyətləri mühümdür.
Azərbaycan yalnız neftlə zəngin deyildir. Bir çox qonşularından fərqli olaraq, münbit torpağı var və suvarma üçün su da yetərlidir. Ozünü ərzaqla təmin edə bilir. Yeraltı sərvətləri də çoxdur. İslahatlarla və xarici sərmayələri həvəsləndirməklə bağlı tədbirlər tezliklə bəhrəsini verdi. Bakı elan etmişdir ki, növbəti 3 ildə ölkəyə qoyulan sərmayələrin həcmi 10 milyard dollara çatacaqdır. Bu, 1996–2002-ci illərdəkindən çox olacaqdır. Azərbaycan iqtisadi islahatları aparmaq, makroiqtisadi sabitliyi və struktur dəyişikliklərini təmin etmək üçün Beynəlxalq Valyuta Fondundan və Dünya Bankından 900 milyon ABŞ dolları almışdır. Bu yaxınlarda Dünya Bankının rəsmisi elan etdi ki, 2003–2005-ci illərdə Bakı daha 235 milyon dollar alacaqdır.
Ölkənin paytaxtı Bakı Xəzər dənizinin sahilində, qədim İpək yolunun üstündə, vacib ərazidə yerləşir. Keçən əsrin başlanğıcında bu şəhər dünya neftinin yarısını verirdi. Zəngin keçmişi, mədəniyyəti və gözəl binaları vardır.
Lakin 1993-cü ilin noyabrında bu sətirlərin müəllifi də daxil olmaqla, 5 səfir etimadnamələrimizi prezident Heydər Əliyevə təqdim edərkən şəhər boz, işıqsız idi. Buraya gələn adam sıxıntı hissləri keçirirdi. Bizi əvvəllər “İnturist” adlanan otelə yerləşdirdilər. Bəzi otaqlarda ilıq və ya soyuq su var idi, digərlərində heç o da yox idi. Bu, mənə Çavuşeski hakimiyyətinin ən pis dövrü zamanındakı ucqar Rumıniya əyalətini xatırlatdı. Lakin Bakıya hər sonrakı səfər zamanı şəraitin sürətlə dəyişməsini və ölkəyə sərmayələrin axmasını müşahidə edirdim. Sovet erasından əvvəl varlı neft maqnatları şəhərdə teatrlar tikmişdilər. Bu ənənə sovet dövründə daha da güclənmiş və buradan digər türkdilli ölkələrə də yayılmışdı. Bakıda ən yüksək səviyyəli opera dinləmək mümkündür. Bir çox Azərbaycan musiqiçiləri və dirijorları Türkiyənin müasirləşməsi və qərbləşməsinin əsasını qoymuş Kamal Atatürk Türkiyəsinin qərb üslublu operalarında çalışırlar. Dağıstan və Çeçenistanla qonşu olan Azərbaycan çoxmillətli, Qafqaz adlanan və partlamaq təhlükəsi olan mozaikanın mərkəzi olaraq qalır. Azərbaycan və Gürcüstan Türkiyə vasitəsilə Qərbə axacaq neft və qazın nəqli üçün vacibdir. Eləcə də yalnız Azərbaycanın deyil, Qazaxıstan və Türkmənistanın yanacağının da nəqli və Rusiya ilə İranın bu strateji iqtisadi tədbirlərdən uzaq saxlanılması üçün də vacibdir. Xüsusilə də, Yaxın Şərqdə gərginliyin artdığı dövrdə çoxları nəzərlərini Xəzər hövzəsindən təhlükəsiz nəql olunacaq enerji daşıyıcılarına yönəldə bilər.