Gennadi Seleznyov

Rusiya Federasiyası Dövlət Dumasının keçmiş sədri

Heydər Əliyev tutduğu bütün vəzifələrdə özünü beynəlxalq miqyaslı nüfuza və hörmətə malik siyasətçi, zəkalı rəhbər kimi göstərmiş və göstərir. Rəhbər dövlət vəzifələrində çoxillik uğurlu iş təcrübəniz heyrət doğurur.

* * *

Heydər Əliyev həm Azərbaycanda, həm də Sovet İttifaqında çox parlaq siyasi sima idi. Qeyri-adi istedad və qeyri-adi zəka sahibi olan bu insan ən mürəkkəb vəziyyətlərdə həqiqətin onun tərəfində olacağında və Azərbaycanın həyatının yaxşılığa doğru dəyişəcəyinə inamını itirmirdi. Ailəsinə, ömür-gün yoldaşına son dərəcə sədaqətli insan idi. O zaman onun Zərifə xanımın cənazəsini Azərbaycana aparıb yenidən torpağa tapşırmaq qərarını bir çoxları başa düşmürdü. Bu gün anladım ki, o nəyə görə belə etmişdi. Onu Zərifə xanımın yanında dəfn etdilər, yəni onlar yenə bir yerdə olacaqlar. Həyatda da biryerdə idilər, Allahın dərgahında da bir yerdə olacaqlar.

Mən Heydər Əliyevi şəxsən çox yaxşı tanıyırdım. Biz saatlarla söhbət etmişik. Ona görə də bu böyük şəxsiyyətin vəfatı mənim üçün çox ağır itkidir.

Heydər Əliyev Rusiya–Azərbaycan münasibətlərinin möhkəmlənməsi işinə ən sədaqətli rəhbərlərdən biri idi. O, başa düşürdü ki, Rusiya əsl strateji tərəfdaşdır. Rusiya Azərbaycanı yaxşı tanıyır və Azərbaycanda Rusiyanı tanıyırlar. Heydər Əliyev bu münasibətlərin möhkəmlənməsi və onlara xələl gəlməməsi üçün ardıcl addımlar atırdı. Ona görə də bu gün Azərbaycan–Rusiya münasibətləri elə səviyyəyə çatmışdır ki, Azərbaycan MDB ölkələri arasında bizim ən yaxşı tərədaşlarımızdan biridir.