Elə insanlar var ki, onların irəlidə, göz qabağında olması, başqalarından fərqlənməsi sanki öncədən alınlarına yazılmışdır. Onlarla ayaqlaşmağa çalışırlar, onları nümunə göstərirlər, məsuliyyətin əsas yükünü də onlar daşıyırlar, tarixin gedişinə məhz onlar təsir göstərirlər.
Haqlı olaraq, Heydər Əliyev də belə insanlar sırasındadır. Siz bütün ömrünüzü vətənə fədakarcasına xidmətə həsr etmisiniz. Siz mənim təsəvvürümdə vətənpərvər, dövlətin ali mənafeləri uğrunda güzəştsiz mübariz obrazının təcəssümüsünüz.
Azərbaycan xalqı Sizə daim yüksək etimad göstərir, Sizi iki dəfə respublikanın Prezidenti seçmişdir.
Dövlət idarəçiliyinin ən çətin məsələlərini vaxtında həll etmək bacarığınız və mürəkkəb dünya siyasi prosesində yarım addım öndə olmaq istedadınız Sizi müasir dövrün aparıcı dövlət xadimləri ilə bir sıraya çıxarır. Sizin adınız təkcə Azərbaycan Respublikasında deyil, onun hüdudlarından kənarda da çox məşhurdur. Siz Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlətlərarası münasibətlərinin təşəkkülü, inkişafı və möhkəmlənməsi işinə misilsiz töhfə vermisiniz.
Mübaliğəsiz demək olar ki, beynəlxalq mütəşəkkil cinayətkarlıqla mübarizə işində güzəştsiz mövqeyiniz, habelə hüquq mühafizə orqanlarının antiterror və anti kriminal fəaliyyətini MDB-nin üzvü olan dövlətlərin Daxili işlər Nazirləri Şurası çərçivəsində əlaqələndirmək sahəsində apardığınız böyük iş ümumən Birliyin bütün ərazisində, o cümlədən Qafqaz regionunda sabitliyin möhkəmlənməsinə kömək edir.
Biz uzun illər ərzində Azərbaycanı və Rusiyanı bir-birlərinə bağlayan dostluq və əməkdaşlıq ənənələrini çox əziz tuturuq və Azərbaycan DİN ilə Rusiya DİN arasında çoxsəpkili qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə və daha da inkişaf etməsinə göstərdiyiniz diqqəti yüksək qiymətləndiririk.
* * *
Rusiyanın böyük dostu, Sovet İttifaqının görkəmli siyasi xadimi, Azərbaycan Respublikasının böyük oğlu Heydər Əlirza oğlu Əliyevin vaxtsız vəfatı xəbərini dərin kədər hissi ilə eşitdim. Onun vəfatı ilə Rusiya öz sabiq müttəfiqini, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşməsi və inkişafının möhkəm əqidəli və ardıcıl tərəfdarını itirdi. Heydər Əlirza oğlu Əliyevin adı Azərbaycan Respublikasının yaradılması, onun dövlətçiliyinin və beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi tarixinə qızıl hərflərlə yazılacaqdır.