Heydər Əliyev, Siz qafqazlıların istedadını və mərdliyini, düşdüyü vəziyyətdən, tutduğu vəzifədən və yaşından asılı olmayaraq həmişə özünü əsl kişi kimi aparmaq bacarığını təcəssüm etdirirsiniz.
Sizin dostlarınız və şagirdləriniz çoxdur. Mən də iftixarla özümü onlardan biri hesab edirəm.
Qardaş Azərbaycan xalqını təbrik edirəm ki, Azərbaycan dövlətçiliyinin təşəkkül tapdığı çətin illərdə respublikaya başçılıq etmək Qafqazın layiqli oğullarının ən layiqlisinə nəsib olmuşdur.
Bu gün Sizin ünvanınıza çox tərif söylənəcəkdir. Başqa cür danışmağa heç düşmənlərin də dili gəlməz. Deyilənlər Sizin həyatınızı məharətlə ifadə edən faktlardır. Mən xoşbəxtəm ki, Sizi təkcə şöhrətinizin zirvəsində yox, başqa mərhələlərində də görmüşəm. Siz həmişə Heydər Əliyev kimi hərəkət etmisiniz. Uzaq yol heç də həmişə hamar olmur. Sizin həyatınız Qafqazın və Rusiyanın tarixini zənginləşdirmişdir. Bu tarix indi də yazılmaqdadır.
Heydər Əliyev tarixi şəxsiyyət, Qafqazın fəxridir, sovet dövründə də fəxri olmuşdur. Heydər Əliyev respublikanın rəhbərliyinə çox ağır bir vaxtda qayıtdı, lakin o siyasi müdriklik və dövlət idarə etmək sahəsindəki istedadı ilə bir çox məsələləri həll edə bildi. Bunun nəticəsi kimi Azərbaycanı daha böyük gələcək gözləyir. Dövlət rəhbəri ölkənin əsas inkişaf parametrini və strateji xəttini artıq müəyyənləşdirmişdir. İndi böyük potensialdan istifadə edərək işləmək lazımdır. Heydər Əliyevin istedadı təkcə Azərbaycana xeyir gətirmir, bütün Qafqazın sərvətinə çevrilmişdir. Bu sərvətdən hamının rifahı naminə istifadə etmək lazımdır.
Mənim üçün çox mühümdür ki, Heydər Əliyev bu çətin illərdə Azərbaycanın rəhbəri olmuşdur. Çünki Azərbaycan təkcə bütün Rusiyanın qonşusu deyil, həm də Dağıstanın yaxın qonşusu və qardaşıdır. Azərbaycan və Dağıstan xalqları bir-birinə çox bənzəyən, çox yaxın olan xalqlardır. Hətta elə vaxt olub ki, məsələn Qafqaz Albaniyası dövründə biz bir dövlətdə yaşamışıq. Çox təəssüf ki, Heydər Əliyevin potensialından həm bütün Qafqaz, həm də ümumilikdə bütün region üçün tam istifadə olunmamışdır.
O elə nəhəng adamdır, onun şəxsiyyəti elə çoxşaxəli və intəhasızdır ki, bu dahi insanın Dağıstan üçün, Qafqaz üçün, Rusiya üçün kim olduğunu bu gün anlamaq və qiymətləndirmək çox çətindir. Görünür, bunu bəlkə də 50 ildən sonra dərk etmək, anlamaq mümkün olacaqdır.
Regionumuzda bir sıra problemlər və həll olunmamış məsələlər var. Lakin Heydər Əliyevin hakimiyyətə gəlməsi bir çox işləri nizama saldı. Hər halda o, münaqişələrdən, iddialardan, iradlardan yüksəkdə durdu. O, sözün əsl mənasında insandır, çünki insan həyatının siyasi nəticələrdən qiymətli olduğunu başqalarından daha yaxşı bilir. Onun müdrikliyi sayəsində qan tökülməyinin qarşısı alındı. O, aqil insan kimi bir vaxtlar hamının bunu başa düşəcəyinə, bütün problemlərin ədalətlə həll olunacağına inam bəsləyir. Belə nəhəng lider təkcə Azərbaycana deyil, bütün Qafqaza və onun hüdudlarından kənara da lazımdır.