Vsevolod Şilovski

Rusiya Federasiyasının Xalq artisti

Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi illərdə Moskva Akademik Bədaye Teatrının Kamerger dalanındakı əsas binasının tamamilə yenidən qurulmasına ehtiyac vardı. Bundan ötrü böyük məbləğdə pul lazım idi. Odur ki, Nazirlər Sovetinə ərizə ilə müraciət etdik. Teatrın rəhbərliyi ilə birlikdə mən də nümayəndə heyətində idim. Mən binanın yenidən qurulmasının təşkilinə cavabdeh idim.

Bizi Nazirlər Sovetinin iclasına dəvət etdilər. İclası SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev aparırdı. Məsələ maliyyə baxımından çox mürəkkəb idi, ona görə ki, qəti bir seçim edilməli idi: ya lazım olduğu qədər pul verirlər, ya da ümidimizi üzməliyik.

Nəhəng salondakı masanın yuxarı başında əyləşən Heydər Əliyev dedi: “Məsələ MABT-la bağlıdır. Biz onu diqqətsiz qoymamalıyıq. Bizim vəzifəmiz məsələni araşdırıb, maliyyələşdirmə barədə qərar qəbul etməkdir”. Qərarı da O qəbul etdi. Elə həmin iclasda bizə 25 milyon dollar ayrıldı. Az pul deyil! İncəsənətə səmimi münasibət, bax, budur.

Mən uzun ömür sürmüşəm və məni heyrətləndirmək çətindir. Mən daha sözlərə inanmıram, ancaq əməllərə inanıram. Heydər Əliyev indiyədək çalışdığı bütün dövlət vəzifələrində mədəniyyət xadimlərinə, özü də təkcə Azərbaycanın deyil, Rusiyanın da, keçmiş SSRİ-nin digər respublikalarının da mədəniyyət xadimlərinə, o cümlədən zəngin ənənələri və rus teatr məktəbinin beşiklərindən biri olan dünya şöhrətli Moskva Akademik Bədaye Teatrına da həmişə qayğı göstərmişdir. Bu insan bütün ömrü boyu böyük və nəcib işlər görmüşdür.