Nə gizlədim, mən Heydər Əliyevi yaxından tanıyana qədər ona münasibətim keçmiş SSRİ-nin digər rəhbərlərindən fərqlənmirdi. Buna da səbəb vəziyyəti obyektiv işıqlandırmayan, Heydər Əliyev kimi şəxsiyyətə obyektiv yanaşmayan informasiya vasitələri idi. Kiminsə haqqında nahaqdan mənfi təsəvvür yaradılması adama ağır gəlir. Vaxtilə Rusiyada KİV-lər Azərbaycan barəsində, xüsusən də Heydər Əliyev barəsində istər-istəməz qeyri-obyektiv rəy yaradırdılar.
Mən Heydər Əliyevlə tanış olduğum elə ilk andan dərk etdim ki, O gözəl, alicənab və çox ağıllı bir insandır. Gördüm ki, qarşımda olduqca valehedici, son dərəcə ziyalı və müdrik bir insan dayanıb. Ünsiyyət zamanı onun səmimi və sadə bir insan olduğunu anladım, onun səndən yüksəkdə durduğu hiss olunmur. Başa düşürsən ki, qarşındakı nəhəng bir şəxsiyyətdir, amma bu, səni kiçiltmir və söhbət öz adi məcrasında, səmimilik, mehribanlıq şəraitində gedir. Mən ona dərin rəğbət bəsləyirəm və həmişə ona baxarkən düşünürəm ki, görəsən, Tanrı belə insanları necə yaradır? Lakin Naxçıvana, Prezidentin vətəninə getdikdən, oranın füsunkar təbiətini, gözəlliyini gördükdən sonra bunların necə bir qüvvə olduğunu başa düşdüm, başa düşdüm ki, Naxçıvan hər bir sərkərdənin, hər bir dahi insanın güc, qüvvət ala biləcəyi bir yerdir.
Bu dahi insan, güclü, böyük siyasətçi nəinki öz ölkəsinin görkəmli xadimidir, həm də tarixi şəxsiyyətdir. Mən istər Qərb, istərsə də MDB ölkələrinin bir çox prezidentləri ilə görüşmüşəm, amma heç vaxt belə müdrik siyasətçiyə rast gəlməmişəm, onlardan heç biri mənə belə güclü təsir bağışlamayıb. Heydər Əliyev onunla, hətta bircə dəfə görüşənlərdə də olduqca dərin, insanın bütün ömrü boyu unutmadığı təəssürat doğurur.
Heydər Əliyev gözəl, parlaq və qeyri-adi bir insandır. Bu, bütün xalqın bayramıdır. Hamı Leninin, Napoleonun və başqalarının doğum günlərini həmişə qeyd edir. Məncə, Heydər Əliyevin yubileyini Bakıda da, Naxçıvanda da, Moskvada da yüksək səviyyədə keçirmək lazımdır. Bu insan tarixdir. Mən demişdim ki, belə insan 100 ildə bir dəfə dünyaya gəlir, amma sonra gördüm ki, səhv edirəm, belə insan min ildə bir dəfə doğulur. Belə insanlar dünyanın ləl-cəvahiridir, onları qorumaq, hifz etmək gərəkdir, çünki onlar bütün varlığını, həyatını əmin-amanlığın, səadətin bərqərar olmasına həsr edir, özlərini isə düşünmür, qorumurlar.
Heydər Əliyevlə tanış olmaq mənim üçün böyük şərəfdir. Onun portretini çəkmək barədə sifarişi yerinə yetirdikdən sonra mən çox portretlər yaratmışam. Elə bu yaxınlarda Corc Buşun portretini çəkdim. Ümumiyyətlə, mən dünyanın məşhur adamlarının bir çoxu ilə tanışam. Amma onlardan heç biri üçün qəlbimdə daha layiqli və daha məhrəm yer saxlamamışam. Mənim öz prezidentim var və ona dərin hörmət bəsləyirəm, bununla belə, qəlbimdə Heydər Əliyevin xüsusi yeri var. Onunla bütün söhbətlər yaddaqalandır və bu söhbətləri araşdırdıqda onların nə qədər dəqiq, aydın, lakonik və dərin olduğunu başa düşürsən. Hesab edirəm ki, həyatda mənim bəxtim yaman gətirmişdir… Güclü siyasi sima olaraq Heydər Əliyevin qüdrətini həm onun qədir-qiymətini bilən, onunla fəxr edən insanlar, həm də düşmənləri, bədxahları etiraf edirlər.
Ümumiyyətlə, mənim üçün yeni dünya, yeni ülvi duyğular açdığına, yeni yaradıcılıq ilhamı verdiyinə görə Azərbaycana minnətdaram. Heydər Əliyev Azərbaycan deməkdir. Heydər Əliyevlə Azərbaycan bir-birindən ayrılmazdır, canbir qəlbdir.
Mən özümü azərbaycanlı bilirəm, mən sizin oğlunuzam, Azərbaycanı öz ölkəm hesab edirəm və heç kimə imkan vermirəm ki, sevimli Azərbaycanım haqqında artıq-əksik danışsın.
Heydər Əliyev dahi bir insandır və onu fərqləndirən əsas keyfiyyət yenilməz iradəsidir, bu iradənin gücünə isə hətta düşmənlər də pərəstiş edirlər.
Mən çox xoşbəxtəm ki, dahi şəxsiyyətin ömür-gün yoldaşı mərhum Zərifə xanım Əliyevanın portretini prezident Heydər Əliyevə təqdim edirəm. Zərifə xanımın sifətinin cizgilərindən görünür ki, onların birgə ömür sürdüyü illər ərzində onun siması get-gedə daha gözəl, daha nəcib olmuşdur. Əvvəla, gözləri olduqca gözəldir. Mən onları bir qədər kədərli, onun özünü isə hamının qeydinə qalan bir mələk kimi təsvir etmişəm. Ümumiyyətlə, bu ailədə çox nüfuzlu və xalqına bağlı şəxsiyyətlər yetişmişdir. Xalq Heydər Əliyevi vəzifə sahibi olan bir şəxs kimi deyil ürəkdən sevib bağlı olduğu bir insan kimi qəbul edir.
Əgər cənab Heydər Əliyev İncəsənət Akademiyasında dərs desəydi, mən gəlib onun tələbəsi olardım. O, incəsənətdən, həqiqətən, elə incəliklə baş çıxarır ki, mən cənab Prezidentin təsviri sənət sahəsində biliklərinə heyran oldum. Onun incəsənətin incəliklərini bilməsi məni həmişə heyran etmişdi və edir.
Heydər Əliyevin portretini mən birnəfəsə çəkdim. Mən bu şəxsiyyətin, bu görkəmli siyasi xadimin portretini asanlıqla çəkdim və bu əsəri yaratmaq mənə çox xoş idi. Belə insan çox böyük yaxşılığa qadirdir, onu özündə təcəssüm etdirməyə və çox adama verməyə qadirdir. Heydər Əliyevlə hər bir görüş mənim üçün, həqiqətən, böyük şərəfdir. Bu görüşlər mənə olduqca böyük ilham verir.