Siyasi fəaliyyətim dövründə müxtəlif siyasətçilərlə görüşmüşəm. Onların arasında çoxlu tanınmış və görkəmli şəxslər də olmuşdur. Lakin mübaliğəsiz deyə bilərəm ki, Heydər Əlirza oğlu Əliyev sözün həqiqi mənasında ən parlaq və müdrik siyasətçi idi. Heydər Əliyev sovet dövründə o qədər prinsipial sima idi ki, onun Sovet İttifaqı rəhbərliyindən kənarlaşdırılması SSRİ-nin dağılmasının əsas səbəblərindən biri oldu.
O sonralar yenidən böyük siyasətə qayıdanda onunla artıq Azərbaycan Prezidenti kimi görüşdük və mən əmin oldum ki, o hər bir millətin şərəfi ola biləcək bir insandır. Onun həm Azərbaycanın inkişafına verdiyi töhfəni, həm də Sovet İttifaqında gördüyü bütün işlərin əhəmiyyətini tam dolğunluğu ilə yalnız gələcəkdə qiymətləndirə biləcəyik.
Mən Heydər Əliyevlə 1990-cı illərdə, Rusiya parlamentinin nümayəndəsi kimi Azərbaycanda və Moskvada görüşmüşəm. Çoxları hesab edir ki, Azərbaycan Rusiyadan uzaqlaşıb, Qərbə üz tutmuşdur. Sizi inandırıram ki, bu elə deyildir. Biz Heydər Əliyevlə çox söhbət etmişik və mübaliğəsiz deyə bilərəm ki, keçmiş Sovet İttifaqı məkanında bütün prezidentlər arasında o ən müdrik rəhbərdir. Rusiyaya münasibətdə atdığı bəzi addımlar isə məcburi tədbir kimi Rusiyanın ovaxtki rəhbərliyinin əməlləri ilə bağlı olmuşdur. Respublikanın qorunub saxlanması, vətəndaş müharibəsi girdabında məhv olmağa qoymaması onun böyük xidmətidir. Bir sözlə, O, yüksək səviyyəli siyasətçi idi. Axı hər şey müqayisədə bilinir. Məsələn, M.Qorbaçovla müqayisədə Heydər Əliyev böyük şəxsiyyətdir, Qorbaçov isə hakimiyyət piramidasının zirvəsində xeyli dərəcədə təsadüfi adam idi.
Azərbaycanın indiki rəhbərliyinə Heydər Əliyevin siyasətini davam etdirərək, öz respublikasında sülhü və ölkəsinin ərazi bütövlüyünü təmin etməyi səmimi qəlbdən arzulayıram. Rusiya Federasiyası ilə əməkdaşlığın möhkəmlənməsini istəyirəm, çünki Rusiya indi dəyişmişdir, o artıq 10 il bundan əvəlki ölkə deyildir. Bu gün qapılarımız qarşılıqlı dostluq, qardaşlıq və tərəfdaşlıq üçün açıqdır.