Bu gün bir çox siyasətçilər hiylələr qurmaqla, xalqları bir-birinə qarşı vuruşdurmaqla məşğul olduqları bir vaxtda Heydər Əliyev əbədi dəyərlərin qorunması işində əvəzsiz işlər görür.
Heydər Əliyev onunla tanışlıq şərəfi nəsib olmuş bütün insanların qəlbində həmişə yaşayacaqdır: Hesab edirəm ki, O, zəmanəmizin ən görkəmli siyasi xadimlərindən biridir
Heydər Əliyev ədəbiyyatla həmişə çox maraqlanırdı, hətta bir dəfə Yazıçılar İttifaqına gəlmişdi. Bu görüş yazıçıların onu mədəniyyətin cəmiyyət üçün əhəmiyyətini dəqiq və dərindən qiymətləndirən çox ağıllı, bilikli insan kimi daha yaxından tanımasına imkan verdi.
Hər hansı siyasətçiyə qiyməti zaman və onun xalqı verir. Heydər Əliyevin dəfn günlərində gördüklərimizə əsasən, bir mənalı şəkildə demək olar: xalq onu sevir və qiymətləndirirdi. O öz xalqı üçün olduqca çox işlər görmüşdür və buna görə də onu xalqının görkəmli oğlu kimi dəyərləndirməmək olmaz.
Heydər Əliyev şəxsən mənim diqqətimi öz yenilməz xarakteri ilə daha çox cəlb etmişdir. O, çox ağır bir vəziyyətə düşmüşdü və siyasətçilərdən kimsə çətin ki, öz həyatına və taleyinə belə çevik, belə cəsarət və mərdliklə yanaşa bilərdi. O, həqiqətən, taleyin hökmünə tabe olmadı. Bax bu, məncə, çox dəyərli keyfiyyətdir. O, xeyli müddət Naxçıvanda yaşadı, nəhayət, elə bir gün gəlib çatdı ki, doğma xalqı onu yenidən dövlətə başçılıq etməyə və ölkəni uğurla irəliyə aparmağa çağırdı.
Mənim bəxtim gətirmişdir, mən Heydər Əliyevlə bir neçə dəfə təkbətək görüşmüşəm. Əlbəttə, bu, onun tərəfindən mənə göstərilən alicənablıq idi. O məni və bir sıra yoldaşlarımı böyük Azərbaycan şairi Füzulinin yubileyinə şəxsən dəvət etmişdi. Yubileydən sonra ziyafət zamanı bir nəfər yanıma gəlib dedi ki, Heydər Əliyev mənim ona yaxınlaşmağımı istəyir. Əlbəttə ki, bu, mənim üçün böyük şərəf idi Çünki belə ağıllı insanla ünsiyyətdə olmaq həmişə maraqlıdır, qələm sahibi üçün isə çox vacibdir. Biz söhbət etdik, yadımdadır, mən qadın cürəti ilə soruşdum: “Mənə elə gəlir ki Rusiya Azərbaycana və şəxsən Əliyevə bir qədər düzgün münasibət göstərmir?”. O mənə dedi: “Mən bunu başa düşürəm. Lakin vaxt gələcək, bu, belə olmayacaqdır”. Kiminsə onun xətrinə dəydiyi, nəyinsə düzgün olmadığı barədə söhbəti Heydər Əliyevin necə ləyaqətlə davam etdirməməsi məni heyrətləndirdi. Halbuki o vaxtlar hətta bizim qəzetlər də yazırdı: “Azərbaycanın nə demək olduğunu, hər halda, anlamaq gərəkdir. Azərbaycan neft deməkdir. Bu respublika sovet dövlətində olduqca böyük rol oynayırdı, onunla yaxșı, xoş münasibətləri bərpa etmək və möhkəmləndirmək lazımdır.” Əlbəttə, Azərbaycanın başına çox işlər gəldi və hər bir normal insan başa düşür ki, Bakıda 20 Yanvar faciəsi törədildi, amma anlamaq olmurdu ki, qoşunlar şəhərə nə üçün yeridildi və onlar azərbaycanlıları da, rusları da nə üçün qırmağa başladılar, əlbəttə, böyük milli faciə idi. Bax, bəzən ağılsız siyasətçilər xalqların arasını beləcə birdəfəlik vura bilərlər. Bu kədər və təəssüf hissi doğurmaya bilməz. Lakin mənə elə gəlir ki, bütün bunlara hələ axıradək qiymət verilməyibdir.
Heydər Əliyev öz ölkəsində rəhbərliyə gələndə, zənnimcə, onun xidmətlərindən biri də bu oldu ki, o, Qarabağ üstündə gedən müharibəni dayandıra bildi, qan tökülməsinə onun səyləri ilə son qoyuldu. Bundan əlavə, O, Azərbaycan Respublikasının beynəlxalq aləmdə yeni status almasına, həqiqətən, nail oldu. Bu da misilsiz xidmətdir, çünki milli ləyaqətin tapdalanması həyatda ən kədərli haldır. Bu isə çox vaxt insanların, cəmiyyətin və ya dövlətin təqsiri ucbatından deyil, müxtəlif şərait üzündən baş verir. Bu halların qarşısını kəsmək və onları dəf etmək, aradan qaldırmaq rəhbər və siyasətçi üçün böyük hünərdir.
Azərbaycanda ilkin neftin çıxarılması münasibətilə mənim də iştirak etdiyim şənlikləri xatırlayıram. Bütün bunların Azərbaycanda necə böyük sevinclə, necə ləyaqətlə və qürur hissi ilə qeyd edildiyini və Heydər Əliyevin necə sevildiyini görürdüm.
Sevimli şairim Bəxtiyar Vahabzadənin yaradıcılıq gecəsində olmağım da yadımdadır. Bildiyiniz kimi, mən onun əsərlərini tərcümə etmişəm. Həmin tədbirdə Heydər Əliyev kiçik bir söhbətlə mənə böyük şərəf göstərdi. Onun mənə dediyi sözlər qəlbimdə ömürlük dərin izlər buraxdı və orada xüsusi yer tutdu.
Bir neçə il əvvəl həmkarlarımla birlikdə Heydər Əliyev haqqında sənədli film hazırlayırdm. Heyf ki, bu film ekrana çıxmadı. Lakin Heydər Əliyev müsahibə verməklə məni şərəfləndirdi və dedi: bax, heç kimə müsahibə vermirəm, amma Rimmaya müsahibə verəcəyəm. Mən bu müsahibəni ömürlük yadımda saxlayacağam. Müsahibədə çoxlu sual və olduqca çox dərin mənalı və məzmunlu cavab vardı. Bir sual və onun cavabı xüsusilə yadımda qaldı: “Sizcə, xalqımız necə xalqdır, onun nə kimi mentaliteti var” O, bir az fikrə getdi, sonra dərin inamla, böyük qürur hissi ilə dedi: “Mənim xalqm çox xeyirxah, genişqəlbli, səxavətli və daim elmə, biliyə can atan xalqdır”. “Heydər Əliyev, mən bu sözləri bizim xalqımız, rus xalqı barədə də deyə bilərəm!” O cavab verdi: “Siz, elə bir rəhbər və ya insan görmüsünüzmü ki, o öz xalqı barədə başqa bir sey desin?”
Mən Azərbaycanda vəziyyəti həmişə izləmişəm və respublikaya oradakı dostlarımın gözü ilə baxmışam, əlbəttə, bu kəhkəşanda ən parlaq ulduz Heydər Əliyev idi. Onun nece işlədiyini müşahidə etmək mənim üçün çox maraqlı idi. Mənə elə gəlir ki, bizim prezidentimiz Vladimir Putin də Heydər Əliyevə heyran idi, biz bunu onun oğlu İlham Əliyev respublikanın Baş naziri təyin olunduqda Putinin ona göstərdiyi münasibətdə də müəyyən dərəcədə gördük. Vladimir Putinin İlham Əliyevlə görüşü zamanı diqqət yetirdim ki, prezidentimiz İlham Əliyevə münasibətdəki kimi hələ heç vaxt belə mehriban, qayğıkeş, səmimi olmayıbdır. Mən onun İlham Əliyevə qardaşcasına münasibətini gördüm, bu, hətta ekranda da sezilirdi. İlham Əliyevin Prezident seçilməsi respublika üçün çox yaxşıdır. Axı sirr deyil ki, İlham Əliyev çox savadlı adamdır, yüksək insani keyfiyyətlərə malikdir. Mənə elə gəlir ki, elə atanın oğlu bașqa cür ola da bilməz. Ümidvaram ki, Heydər Əliyevin həyata keçirməyə başladığı və oğlunun da bu və ya digər şəkildə iştirak etdiyi işlər davam etdiriləcək və yeni-yeni uğurlar əldə ediləcəkdir.