Biz çox şadıq ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan xalqının dahi oğlunun Rusiyanın ən yüksək ordeni ilə təltif olunması haqqında qərar qəbul etmişdir. Sovet İttifaqında yüksək vəzifələrdə çalışmış Heydər Əliyevi biz çox yaxşı tanıyırıq. Biz onu həyatının hətta ən çətin anlarında da sarsılmayan, ruhdan düşməyən bir insan kimi tanıyırıq. Xoşbəxtəm ki, Heydər Əliyevlə şəxsən tanışam. O, çox yüksək intellektə malik, heyrətamiz dərəcədə müdrik, heç vaxt xırdalığa varmamış və varmayan insandır. Öz Vətəninə, xalqına xidmət onun üçün ülvi amaldır, özünün bütün arzu və niyyətlərini, fəaliyyətini və iradəsini həmişə bu amala tabe etmişdir. Biz Moskvada Heydər Əliyevi çox sevirik. Azərbaycandakı rusdilli əhalinin dəstəklənməsi üçün biz birlikdə çox işlər görmüşük. Biz Heydər Əliyevin Rusiya mədəniyyət xadimlərinin Bakıya qastrol səfərlərinə necə qayğı ilə yanaşdığını bilirik.
Heydər Əliyev görkəmli dövlət xadimi, parlaq və hər cəhətdən qadir şəxsiyyət olaraq doğma diyarın hüdudlarından uzaqlarda da layiqli nüfuza malikdir. Həqiqi milli lider, mənən və ruhən güclü, əsl kişi kimi təmkinli və müdrik şəxsiyyət olaraq Siz həmişə öz xalqınızla bir olmusunuz, ağır və gərgin zamanlarda çətinliklərə onunla birlikdə sinə gərmisiniz. Başlıcası isə, Siz Azərbaycan xalqının ruhunu, məhrəm düşüncə və arzu-istəklərini həssaslıqla duymağı öyrənmisiniz.
Azərbaycanda insanların öz Prezidentinə olan inamı hədsizdir, ən çətin illərdə respublikanın müqəddəratı üçün ağır məsuliyyəti öz üzərinə götürməklə Sizin nələr keçirdiyinizi başa düşürlər. Milyonlarla həmvətəniniz Sizin qatı, ürəyinizin dərinliklərindən süzülüb gələn sözünüzü dərin hörmətlə dinləyir. Azərbaycan torpağında sabitliyin, sülhün və tərəqqinin bərqərar ediləcəyinə bəslədikləri ümidlərini Sizin fəaliyyətinizlə bağlayır.
Əminəm ki, Sizin misilsiz təcrübəniz və çox böyük nüfuzunuz Azərbaycan Respublikasının möhkəmlənməsinə və əmin-amanlığına, onun dünya birliyində layiqli yerinin təmin olunmasına bundan sonra da xidmət edəcəkdir.
* * *
Mən Azərbaycan xalqının bü görkəmli oğlu ilə çoxdan tanış idim. O, haqlı olaraq, təkcə Azərbaycana deyil, həm də bütün bəşəriyyətə mənsubdur. Mən Heydər Əliyevlə hələ Sovet İttifaqı dövründən tanış idim. Bakıda dəfələrlə görüşmüşdük, onunla şəxsi, dostcasına və unudulmaz söhbətlərimiz olmuşdur.
Yadımdadır, Bakıya, Azərbaycan komsomolunun qurultayına gəlmişdim. Onda Heydər Əliyev Azərbaycan KP MK-nin birinci katibi idi. Biz onunla, demək olar bütün məsələlər: gənclərin problemləri, ümumən dövlətin problemləri, SSRİ-nin beynəlxalq nüfuzu və digər məsələlər barədə xeyli söhbət etdik. O, son dərəcə maraqlı müsahib idi. Onunla çox görüşsək də, hələ yadıma gəlmir ki, O nəyi isə formal şəkildə etsin. Müsahibə onda maraq doğuranda və O söhbətdən bir məna və fayda olduğunu görəndə, xırda detallara qədər hər şeyi aydınlaşdırmaq üçün söhbəti lazım bildiyi qədər uzadırdı.
O mənim hafizəmdə görkəmli və müdrik siyasətçi, həssas, dərin zəkalı və öz amallarına, öz prinsiplərinə, habelə öz ailəsinə sədaqətli insan kimi həkk olunmuşdur. Mərhum hayat yoldaşı Zərifə xanıma necə qayğıkeş və nəzakətli münasibət göstərdiyini xatırlayıram.
Səmimi, insanı dərindən duyan, böyük dövlət xadimi kimi Heydər Əliyevi mən özüm üçün bir işlə əlaqədar ünsiyyətdə olarkən kəşf elədim. Komsomolun nümayəndəsi kimi mənə və birinci şəxs kimi Heydər Əliyevə uşaq evlərindən birində qayda-qanun yaratmaq tapşırılmışdı. Yadımdadır, Heydər Əliyev yetimlərin problemlərinə necə ürək ağrısı, həssaslıqla və qayğıkeşliklə nüfuz edir və onlara kömək göstərmək istəyirdi.
Mən xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyev taleyüklü insan idi. Əgər o ağır illərdə ölkənizə başqa birisi, ayrı bir intellektual potensiala malik, dəyişikliklər barədə, eyni zamanda, illərdən bəri qurulub yaradılmış nə vardısa onların qorunub saxlanılması barədə başqa fikirdə olan adam rəhbərlik etsəydi, məlum deyildi ki, Azərbaycanın taleyi necə olacaqdı. Siyasi rəhbər kimi onun müdrikliyi, kamilliyi möcüzələr yaratdı. Allahdan arzum budur ki, Azərbaycan tərəqqi etsin. Azərbaycanın tərəqqisi, insanların firavan yaşaması bu böyük şəxsiyyətə ən yaxşı abidə olacaqdır.