Nursultan Nazarbayev

Qazaxıstan Respublikasının sabiq Prezidenti

Görkəmli siyasi xadim, çox dərin zəkaya və heyranedici cazibə qüvvəsinə malik insan – Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün çox işlər görmüşdür. Biz Heydər Əliyevlə çoxdan tanışıq, bir-birimizi on illərdir tanıyırıq, Heydər Əliyev Kremldə işləyərkən mən, adətən, onun yanına dəstək almaq üçün gedirdim. Heydər Əliyev Moskvada xəstəxanaya düşərkən mən ona birincilər sırasında baş çəkdim. Heydər Əliyevə ağır itki üz verərkən – O, həyat yoldaşını dəfn edəndə mən onunla idim.

İndi başqa zamandır. Hesab edirəm ki, Azərbaycan xalqı Heydər Əliyevi dövlətə başçılıq etməyə çağırmaqla düzgün hərəkət etmişdir.

* * *

Azərbaycan xalqına ağır itki üz vermişdir və biz onunla birlikdə kədərlənirik. Görkəmli siyasi xadim, çox dərin zəkaya və heyranedici cazibə qüvvəsinə malik insan həyatdan getdi. Heydər Əliyev mənim yaxın dostum və ən çox hörmət etdiyim bir siyasətçi idi. Onun öz xalqı qarşısında xidmətlərinin əsl qiymətini gələcək nəsillər verəcəkdir. Əziz və unudulmaz dostum haqqında keçmiş zamanda danışmaq mənim üçün ağrılı olsa da, deməliyəm ki, Heydər Əliyev son nəfəsinə qədər öz xalqının rifahı üçün çalışmışdır.

Heydər Əliyev xalqı sıx birləşdirməyə və onu tərəqqi, inkişaf yoluna istiqamətləndirməyə müvəffəq olmuşdur. Buna müasir tarixdə əslində heç kəs nail olmamışdır.