“Avrasiya” Partiyasını yenicə yaratdığımız və “Rifah” hərəkatının nümayəndələri kimi “Yedinstvo” blokunun tərkibində Rusiya Federasiyasının Dövlət dumasına daxil olduğumuz vaxt biz, ilk növbədə, dünya siyasətinin patriarxı prezident Heydər Əliyev ilə görüşmək üçün partiyamızın rəhbərləri ilə birlikdə Bakıya gəldik. Çünki onun məsləhətlərinə, tövsiyələrinə ehtiyacımız vardı.
Heydər Əliyev, șübhəsiz, dünya miqyaslı simadır. O, artıq neçə illərdir, hələ Sovet İttifaqı dövründən bəri hakimiyyət sükanı arxasındadır. Qeyri-rus millətinin nümayəndəsi, üstəlik, müsəlman olan bir şəxs kimi onun hakimiyyətin ali mərtəbəsinə necə yüksələ və İttifaq səviyyəsində qərarlar çıxarılmasında real surətdə iştirak etməyə necə nail ola bildiyini təsəvvürünüzə gətirin. Elə təkcə bunun özü çox şeyə dəlalət edir.
Heydər Əliyevin Bakıda rəhbərliyə hansı şəraitdə qayıtdığı da xatirimizdədi. Bu, elə bir dövr idi ki, ümumən, Azərbaycanın özünün bir dövlət kimi bütövlüyü və gələcəyi məsələsi həll olunurdu. Ölkənin bir hissəsi işğal olunmuşdu, vətəndaş müharibəsi və respublikanın parçalanması təhlükəsi göz qabağında idi. Belə bir ağır və keşməkeşli dövrdə hakimiyyətə gələn Heydər Əliyev özünün siyasi iradəsi, tükənməz enerjisi ilə dünyanı heyran qoydu. İndi görürük ki, mövcud olmuş və hələ bu gün də qismən qalan problemlərə (ilk növbədə, Qarabağ münaqişəsi) baxmayaraq, hazırda Azərbaycan bütün sahələrdə – siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə Cənubi Qafqazda liderə çevrilmişdir. Azərbaycana səfərimizin proqramı çərçivəsində Bakıda biz Heydər Əliyev ilə görüşərkən əmin olduq ki, O, tamamilə başqa tarixi qiymətə layiq şəxsiyyətdir. Heydər Əliyev canlı tarixdir. Belə siyasətçilər həmişə tək-tük olur. Onlar təkcə ölkələrinin deyil, bütöv bir epoxanın tarixini müəyyənləşdirirlər.
Bu insanla şəxsi ünsiyyət olduqca xoş təsir bağışlayır. O, nadir bir insandır. Partiyamızın yaradılması ilə əlaqədar onunla görüşdən qalan xatirələrə qayıdıram. Gənc deputatlar olaraq, biz məsləhət üçün bir ağsaqqal kimi məhz onun yanına gəldik. Bəli, O, keçmiş İttifaq məkanında ağsaqqal idi.
Onunla saatyarımlıq görüşdən necə böyük məmnunluq duyduğumuz yadımdadır. Bu, səmimi, sərbəst söhbət idi. Biz adi deputatlar olsaq da, O öz nüfuzu ilə bizi təntitmirdi. Bu isə, əlbəttə ki, yalnız rəğbət doğurur. Xatirimdədir, cənab Heydər Əliyev bizə ən ümdə problemlərdən danışdı, çox dəyərli tövsiyələr, məsləhətlər verdi.
Prezident Heydər Əliyev, həqiqətən, dünya siyasətinin patriarxıdır, Onun şəxsiyyəti hər hansı dövlət xadimi üçün parlaq örnək ola bilər. Hesab edirəm ki, Heydər Əliyevin həyatı öz xalqına, vətəninə fədakarcasına xidmətin bariz nümunəsidir. Bunu deməyə lüzum yoxdur ki, bütün çoxşaxəli fəaliyyəti ərzində Heydər Əliyev haqqında – uzaqgörənliyi, öz siyasətini qurmaq bacarığı, tükənməz iş qabiliyyəti, nəhayət, nadir yaddaşı haqqında, az qala, əfsanələr gəzib dolaşır. Şübhəsiz, Azərbaycanın bəxti gətirmişdir ki, tanrı Heydər Əliyev kimi lider, prezident bəxş etmişdir, özü də, Azərbaycanın müqəddəratı, suverenliyi və bütövlüyü təhlükə qarşısında qaldığı bir vaxtda! Biz hamımız bilirik ki, Heydər Əliyev ölkəni nəinki böhrandan və hərc-mərclikdən çıxardı, həm də onu bütün postsovet məkanında sanballı dövlətlərdən birinə, dünyada sayılıb-seçilən dövlətə çevirdi.