Prezident Heydər Əliyev barədə danışarkən ən əvvəl onun Azərbaycan üçün rolu haqqında düşünürəm. Müstəqil respublika ilk günlərində ciddi iqtisadi və siyasi böhran keçirirdi. Məhz Heydər Əliyevin liderliyi və rəhbərliyi altında Azərbaycan böhranlı vəziyyətdən çıxdı. Prezident Əliyev Birləşmiş Ştatlar və Türkiyə ilə sıx işləməklə yanaşı, qonşu Rusiya və İranla da yola getməyi bacarırdı.
Sovet İttifaqı məktəbini keçən rəhbərlər – Heydər Əliyev, Eduard Şevardnadze və Nursultan Nazarbayevin birgə əməkdaşlığı çox səmərəli idi. Onlar biri-birini yaxşı tanımaqla yanaşı, ölkələrinin müstəqilliyi və iqtisadi inkişafı üçün nə etməyi gözəl bilirdilər. Bu amillər Azərbaycan, Gürcüstan və Qazaxıstanın yalnız ayrı-ayrı dövlətlər kimi deyil, bir qrup kimi də irəliyə addımlamasına səbəb olmuşdur.
Prezident Heydər Əliyevlə ilk görüşüm yaxşı yadımdadır. Məni ona Nyu-Yorka səfərlərinin birində təqdim etmişdilər. Biz hansısa konfransla bağlı Nyu-York otellərindən birində idik. Mən otelin girişində durarkən, Züleyxa Vebberi (Əsədullayevanı) gördüm. Onun gözləri yaşarmışdı. Yaxınlaşıb səbəbini soruşanda dedi ki, bir azdan prezident Heydər Əliyevlə görüşməlidir, hədiyyə verməyə gülü də yoxdur. Mən tez gedib bir dəstə gül bağlatdırıb Züleyxa xanıma gətirdim. Züleyxa xanım dərhal gözdən itdi. Görüşqabağı həyəcanlandığı bəlli idi. Sonra biz otelin mərasim salonuna daxil olduq. Prezident Heydər Əliyev qonaqlarla salamlaşırdı. O, Züleyxa xanımla mehribancasına görüşdü. Züleyxa xanım Heydər Əliyevə mənim kiçik köməyim haqda danışmışdı. Bir qədər sonra Prezident mənə yaxınlaşarkən Züleyxa xanıma köməyimdən məmnun qaldığını bildirdi. Bu, mənə çox böyük təəssürat bağışlamışdır. Heydər Əliyev kimi böyük şəxsiyyətini mənə yaxınlaşaraq, Züleyxa xanıma kömək etdiyimə görə təşəkkür etməsi və buna vaxt ayırması məni xeyli mütəəssir etmişdi.
Prezident Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldiyi zaman bu hadisə Amerikada narahatçılıqla qarşılanmışdı. Onun sabiq DTK işçisi olduğunu nəzərə alaraq, hakimiyyət dəyişikliyindən Rusiya ilə təbii müttəfiqlik gözləyirdik. Lakin Amerika şirkətlərinin nümayəndələri və Amerika diplomatları ilə birgə Prezident Əliyevlə ilk dəfə Bakının “İnturist” mehmanxanasında görüşəndə bunun belə olmayacağını düşünməyə başladıq. Biz prezident Heydər Əliyevin Azərbaycanın Corc Vaşinqtonu olacağını və müstəqil siyasət aparacağını sezdik. Onun qərb şirkətlərini ölkəyə, nəyin bahasına olursa olsun dəvət etməsi təkcə sərmayə axını deyil, həm də Qərblə əlaqələr quracağı demək idi.
Azərbaycan Respublikasının ilk 10 ili ölkə üçün özünütəsdiqləmə illəri idi. İlk dövrdə sabitlik və inam yox idi. Amma unutmaq lazım deyil ki, demokratiya bir gündə qurulmur. Heydər Əliyev tərəfindən seçilən inkişaf xətti gələcək nəsillərə keçəcəkdir. Onun işinin davam etdirilməsi təkcə Azərbaycan üçün deyil, bütün bölgə üçün əhəmiyyətlidir.